ADMİU-da “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı kitab təqdim olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayevin “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə universitetin Elm və Yaradıcılıq işləri üzrə prorektoru, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva ADMİU-nun rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudovanın adından açaraq, qonaqlara, ADMİU kollekivinə və tələbələrə rektorun salamını çatdırıb və bildirib ki, Azərbaycan Respublikasında  2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 28 dekabr 2024-cü ildə Sərəncam imzalamışdır. Bu qərar Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyətə malik olan iki əsas hadisə – Azərbaycan Respublikasının Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümü ilə bağlıdır. Prezidentin sərəncamına əsasən, bu il universitetimizdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş silsilə tədbirlər keçirilib. Daha sonra S.Əliyeva bu tədbirlərin davamı olaraq təqdimatı keçirilən “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı kitabın elmi-nəzəri əhəmiyyətini və suverenlik mövzusunun hüquqi aspektlərdə sistemləşdirilməsinin aktuallığını vurğulayıb. Prorektor qeyd edib ki, nəşrin təqdimatının ADMİU-da keçirilməsi Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, suverenlik ideyasının elmi-hüquqi əsaslarla təbliği, müasir siyasi proseslərin dəyərləndirilməsi, universitetin akademik heyəti və tələbələri ilə bölüşməsi, həmçinin elmi müzakirə mühitinin genişləndirilməsi baxımından çox əhəmiyyətlidir.

      Sonra kitab haqqında Sosial-Siyasi elmlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Əfşan Şəfiyeva çıxış edərək bildirib ki, kitabın əsas mövzusunu 44 günlük Vətən Müharibəsi, həmin dövrdə baş verən proseslər və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müharibə zamanı media vasitəsilə verdiyi bəyanatların təhlili təşkil edir. Nəşrdə Prezidentin çıxışlarının siyasi, hüquqi və informasiya aspektləri üzrə qiymətləndirilməsi, eləcə də müharibənin reallıqlarına dair faktoloji məlumatlar öz əksini tapır. Natiq qeyd edib ki, müəllif dövlətçilik konsepsiyasını tarixilik, hüquq normaları və siyasi qərarlar çərçivəsində təhlil edərək, müasir hüquqi yanaşmalarla səsləşən dolğun elmi nəticələr ortaya qoyub. Ə. Şəfiyevanın sözlərinə görə, bu kimi elmi nəşrlər hüquq sahəsində analitik mühitin genişlənməsinə mühüm töhfə verir və kitab siyasi tarix, hüquq və beynəlxalq münasibətlər kontekstində sistemli yanaşma təşkil edir, eyni zamanda əsər elmi baxımdan yüksək dəyər daşıdığından, tədqiqatçılar üçün də əlçatan elmi resurs olacaqdır.

Əsərin müəllifi hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayev çıxış edərək nəşrin məzmunu barədə ətraflı məlumat verib. O, qeyd edib ki, əsər 33 fəsildən ibarətdir və tədqiqat üç əsas istiqamət üzrə aparılıb. Kitabda Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasətinin layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə xalqa müraciətləri, çıxışları və müsahibələri hər üç istiqamət üzrə sistemli şəkildə təhlillər əsasında aparılıb.

Vəfaddin İbayev vurğulayıb ki, kitabda Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürdükləri ideyalar geniş təhlil olunub, bu kontekstdə ordu quruculuğu, vətənpərvərlik ruhunun gücləndirilməsi, beynəlxalq müstəvidə Azərbaycanın ədalətli mövqeyinin təsdiqi və digər strateji məsələlərin reallaşdırılması ilə bağlı faktlar elmi əsaslarla diqqətə çatdırılıb.

Sonda prorektor Sədaqət Əliyeva ADMİU rəhbərliyi və kollektivi adından müəllifə dərin təşəkkürünü bildirib.

Müəllif Vəfaddin İbayev tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib və müəllifi olduğu kitabları ADMİU-nun kitabxanasına hədiyyə edib.