ADMİU “İnklüziv Vyana balı”nda təmsil olunub
Azərbaycan Milli İncəsənət Muzeyində Avstriyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə gözəllik, musiqi və mühüm humanist ideyanı birləşdirən “İnklüziv Vyana balı” keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Ədəbiyyat və Dillər kafedrasının müdiri professor Fəridə Səfiyeva, həmçinin kafedranın müəllimləri Pərvin Bədəlbəyli, Pərvin Nəsirova, Günel Əliyeva və tələbələr Atilla İbrahimov, Ərgün Camalzadə, Banu Əlibəyova, Qnyaz Göyüşlü və Taleh Fətullayev iştirak ediblər.
Avstriya səfiri Tomas Şuller-Götzburq və xanımı Han Tranq tədbirin təşkilatçılığında mühüm rolu olan ADMİU-nun əməkdaşlarına və tələbələrinə təşəkkürünü bildirib və qeyd edib ki, bal sadəcə mədəni tədbir deyil, insanlar və cəmiyyətlər arasında dialoq, müxtəliflik, qarşılıqlı hörmət rəmzidir. Gecənin əsas ideyası inklüzivlik idi.
Bal Avstriya Səfirliyinin 2024-cü ildən həyata keçirdiyi “Körpülərin tikintisi” silsilə tədbirlərinin finalını qeyd edib. Müxtəlif mədəniyyətlərdən olan insanların şəxsi hekayələrinə əsaslanan bu layihə Avstriya, Azərbaycan və bir çox digər ölkələrdən olan iştirakçılar arasında isti ünsiyyət, mübadilə və qarşılıqlı anlaşma mühiti yaradıb.
Bakıda keçirilən inklüziv Vyana balı sadəcə qala gecəsi deyil, həm də xalqları birləşdirən dostluğun və ortaq dəyərlərin canlı simvoluna çevrildi.



