ADMİU-da “Balet Rəqqasları Kəndi” sənədli filmi nümayiş olunub

Dekabrın 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) XVI Bakı Beynəlxalq Film Festivalı çərçivəsində, Beynəlxalq Qısametrajlı Film Müsabiqəsi proqramına daxil olan “Balet Rəqqasları Kəndi” sənədli filmi nümayiş olunub.
Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə nümayişi keçirilən film Türkiyənin Çorum bölgəsində yerləşən bir kənddən çıxan 13 kişi balet rəqqasının həyat hekayələrini əhatə edir və incəsənət, kimlik və ictimai dəyişiklik mövzularına özünəməxsus yanaşma təqdim edir.
Filmin nümayişindən sonra rejissor Fatih Diren və quruluşçu operator Evrim İnci çıxış edərək ekran əsərinin yaranma prosesi və ötürdüyü mesajlar haqqında danışıb. Bildirilib ki, bu görüşün keçirilməsi tələbələrə həm Türkiyə kino sənədli irsinin nümunələri ilə tanış olmaq, həm də balet sənəti, sənədli film istehsalı və yaradıcı proseslər barədə peşəkarlarla birbaşa ünsiyyət qurmaq imkanı verəcəkdir.
Çıxışlardan sonra yaradıcı heyət tələbələrin nümayiş olunan sənədli film və eləcə də Türkiyə kino sahəsi və sənədli film istehsalı ilə bağlı suallarını cavablandırıblar.