ADMİU-da inklüziv təhsil mövzusunda təlim keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) inklüziv təhsil mövzusunda maarifləndirici görüş və təlim keçirilib. Təlimdə Sosial-mədəni fəaliyyət kafedrasının müəllimləri də fəal şəkildə iştirak ediblər.
Təlim UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru, inklüziv təhsil üzrə mütəxəssis Sevinc Məhsimova tərəfindən aparılıb. Tədbir zamanı ali təhsildə inklüzivliyin tətbiqi, əlilliyi olan tələbələrin psixoloji xüsusiyyətləri, tədris prosesində diqqət edilməli məqamlar və müasir pedaqoji yanaşmalar haqqında ətraflı məlumatlar təqdim edilib.
Qeyd olunub ki, UNEC-də 2025-ci il “İnklüziv təhsil ili” elan edilib və bu istiqamətdə mühüm layihələr həyata keçirilib. Həmçinin Sevinc Məhsimova tərəfindən hazırlanan “İnklüziv Ali Təhsil” adlı köməkçi vəsait tədbir iştirakçılarına təqdim edilibr.
Tədbir çərçivəsində universitetlər arasında inklüziv təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi, həssas kateqoriyadan olan gənclərin sosial adaptasiyasının dəstəklənməsi istiqamətində fikir mübadiləsi aparılıb.