“Heydər Əliyev siyasətinin zirvəsi–Müstəqil Azərbaycan” adlı tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev siyasətinin zirvəsi–Müstəqil Azərbaycan” mövzusunda tədbir keçirilib.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin “Sosial-siyasi” elmlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Əfşan Şəfiyeva, ADMİU Tələbə Gənclər Təşkilatının (TGT) sədri Fidan Mikayılzadə, Yasamal rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin TGT-nın sədrləri və fəal gəncləri iştirak ediblər.
Öncə qonaqlar “Heydər Əliyev və milli–mənəvi dəyərlərimiz” adlı rəsm sərgisi ilə tanış olublar.
Sonra qonaqlar Mərkəzin ekspozisiya zalında Ulu Öndərin büstünü ziyarət ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Giriş sözü ilə çıxış edən İlham Səfərov Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində yeni parlaq səhifə açan, müstəqil dövlət quruculuğu sahəsində qazanılan müstəsna uğurlarda başlıca imzanın müəllifinin məhz Heydər Əliyev olduğunu qonaqların diqqətinə çatdırıb.
Əfşan Şəfiyeva “Heydər Əliyev irsində elm və təhsil” mövzusunda çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafında göstərdiyi misilsiz xidmətlərdən bəhs edib.
Mərkəzin bələdçisi Mayrux Cavadova “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik”, TGT-ın sədri Fidan Mikayılzadə isə “Heydər Əliyev və təhsilə verdiyi dəyər” mövzusunda mühazirələrlə ilə çıxış ediblər.
Daha sonra “Müasir Azərbaycanın xilaskarı və qurucusu” adlı film izlənilib, “Qəlblərdə yaşayan Ulu Öndər” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.