“Bərabər Həyat: Əlillik və Sosial İnteqrasiya” adlı dəyirmi masa keçirilib
Beynəlxalq Əlillər Günü münasibətilə Kulturologiya fakültəsinin Sosial-mədəni fəaliyyət kafedrasında “Bərabər Həyat: Əlillik və Sosial İnteqrasiya” adlı dəyirmi masa keçirilib. Tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin sosial mühitə inteqrasiyası, bərabər imkanların təşviqi və inklüziv yanaşmanın əhəmiyyətinin vurğulanması olub.
Tədbiri kafedranın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevinc Əskərova açaraq, 3 Dekabr gününün önəmini və əlilliyi olan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət və cəmiyyət tərəfindən görülən işləri qeyd edib. O, əlçatan və inklüziv mühitin yaradılmasının humanist dəyərlərin əsas tərkib hissəsi olduğunu vurğulayıb.
Daha sonra ixtisaslar üzrə tələbələr mövzuya dair çıxışlar edərək, təqdimatları nümayiş etdiriblər. Tələbələr təqdimatlarında əlilliyin sosial aspektləri, fiziki və rəqəmsal əlçatanlıq, inklüziv təhsil mühiti, ictimai münasibətlərin dəyişdirilməsi və sosial dəstək mexanizmləri kimi istiqamətlərə toxunublar. Onların çıxışları mövzunun həm nəzəri, həm də praktik tərəflərini əhatə etməklə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirdə kafedranın baş müəllimləri Ceyran Kuliyeva, Naib Niftəliyev, müəllimlər Firəngiz Məhərrəmova, Günel İbrahimova, Nəzrin Arixova, Lalə Məcidova və Ülkər Rzayeva iştirak ediblər. Sonda müəllimlər tələbələrin təqdimatlarına dair öz fikirlərini bildirərək, mövzunun aktual olduğunu və tələbələrin hazırladıqları slaydların yüksək səviyyədə tərtib edildiyini vurğulayıblar. Həmçinin belə maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyi qeyd olunub.

