SABAH Qruplarında Türkiyəli Mütəxəssislərin İştirakı ilə Təlimlər
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qruplarında təhsil alan tələbələrin bilik və təcrübəsinin artırılması, yaradıcı düşünmə bacarıqlarının formalaşdırılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə 15–19 dekabr 2025-ci il tarixlərində Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə təlim proqramı keçirilir.
Təlim proqramı SABAH qruplarının Aktyor sənəti, Bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist) ixtisasları üzrə təhsil alan II və III təhsil ili tələbələrinin nəzəri və praktiki hazırlığının gücləndirilməsinə yönəlib.
Keçirilən təlimlər tələbələrin peşəkar inkişafına, sahə üzrə bilik və bacarıqlarının genişləndirilməsinə, beynəlxalq təcrübənin öyrənilməsinə və yaradıcı potensialının artırılmasına xidmət edəcəkdir.
Təlim proqramının həyata keçirilməsi məqsədilə Süleyman Demirel Universitetinin İncəsənət fakültəsinin Səhnə sənətləri kafedrasının müəllimi Mustafa Kayabaşı və yazar-dramaturq Ruteba Doğan dəvət olunub.

