SƏNƏTİN ZAMANLA HARMONİYASI: VÜQAR ƏLİ
ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimovanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Zamanın qanadlarında. Vüqar Əli” adlı kitabı çapdan çıxıb. Nəfis tərtibatda nəşr olunan kitab ADMİU-nun dosenti, Əməkdar rəssam Vüqar Əlinin yaradıcılıq yoluna həsr edilmiş sanballı tədqiqat – portret əsəridir. Azərbaycan və ingilis dillərində hazırlanan kitab-albomda milli incəsənətimizin ən maraqlı nəslini təmsil edən sənətkarın formalaşma mərhələləri, yaradıcılıq prinsipləri, zamanla dəyişən estetik baxışları və milli-mənəvi dəyərlərlə bağlı mövqeyi ardıcıl şəkildə təhlil olunur.
Müəllif sənətkarın fərdi yaradıcılıq üslubunu tarixi-mədəni kontekstlə əlaqələndirərək onun Azərbaycan mədəni irsindəki yerini elmi-publisistik üslubda təqdim edir. Sənətşünaslar, mədəniyyət tədqiqatçıları, tələbələr və geniş oxucu auditoriyası üçün nəzərdə tutulan nəşr faktoloji materiallar, xatirələr və analitik yanaşma əsasında oxucuya bioqrafik və kulturoloji baxımdan dolğun məlumat verir. Burada Vüqar Əlinin yaradıcılığı müxtəlif janrlar və ifadə vasitələri kontekstində sistemli şəkildə araşdırılır, onun sənət konsepsiyasının inkişaf dinamikası elmi təhlil predmetinə çevrilir. Tədqiqatda müəllifin istifadə etdiyi metodoloji yanaşmalar sənətşünaslıq və kulturoloji tədqiqatların əsas prinsiplərinə söykənərək mövzunun kompleks şəkildə dərk olunmasına imkan yaradır. Kitab, həmçinin, müasir Azərbaycan mədəniyyətinin inkişaf meyillərinin fərdi yaradıcılıq nümunəsi üzərindən öyrənilməsi baxımından elmi-nəzəri əhəmiyyət daşıyır.

