ADMİU Elmi Şurasının 2025-ci ildə son iclası keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi Şurasının 2025-ci ildə sonuncu iclası keçirilib.
İclasın gündəlik məsələlərinə keçməzdən öncə universitetin rektoru professor Ceyran Mahmudova son Elmi Şura iclasından keçən vaxt ərzində dünyasını dəyişmiş Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müəllimi Dilarə Hüseynova və Səhnə danışığı kafedrasının professor, Əməkdar müəllim Nadir Hüseynovun xatirələrini yad edərək, Allahdan onlara rəhmət diləyib. Mərhum pedaqoqların xatirəsi Elmi Şuranın üzvləri və iclas iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib.
İclasda rektor C.Mahmudova Estrada sənəti kafedrasının müdiri, professor Məryəm Babayevanın 65 illik yubileyini təbrik edib, ona uzun ömür, can sağlığı, pedaqoji və elmi fəaliyyətində uğurlar arzulayıb.
Sonra xanım rektor bu günlərdə “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunan ADMİU-nun mətbuat katibi Şahanə Mahmudzadəni təbrik edib, daha böyük yaradıcılıq uğurları diləyib.
Daha sonra iclas gündəlikdəki məsələlər, hesabatlar və cari məsələlərlə öz işini davam etdirib.
ADMİU-nun Elm və Yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyeva WUF 13–lə bağlı ADMİU-nun YAN və DİGƏR tədbirlər planının icrası və ADMİU-nun professor müəllim heyətinin qeydiyyatdan keçməsi barədə məruzə edib.
Bildirilib ki, World Urban Forum (WUF) Birləşmiş Millətlər Təşkilatının UN-Habitat qurumu tərəfindən təşkil olunan və şəhərsalma, davamlı inkişaf, urbanizasiya və sosial inklüzivlik mövzularını əhatə edən beynəlxalq forumdur. WUF13 bu sahədə qlobal çağırışların müzakirə edilməsi, təcrübə mübadiləsi və innovativ yanaşmaların təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu forum çərçivəsində ADMİU da fəal iştirak edərək müəllim və tələbə heyəti üçün müxtəlif tədbirlər planı tərtib edib.
Universitet tərəfindən WUF 13 ilə bağlı tədbirlər həyata keçirilir:
• Məlumatlandırıcı təqdimatlar: WUF 13-ün məqsədi, mövzuları və əhəmiyyəti barədə professor və müəllim heyətinə geniş məlumat verilmişdir.
• Tələbələrin WUF 13 tədbirlərində könüllü və ya iştirakçı qismində yer alması üçün imkanlar yaradılmışdır.
WUF 13 ilə bağlı universitet tədbirlərində iştirak etmək üçün qeydiyyat prosesi aşağıdakı mərhələlər üzrə aparılmışdır:

  1. Elanların verilməsi: Universitetin rəsmi saytı, sosial şəbəkə hesabları və elektron poçt vasitəsilə tədbirlər haqqında elanlar paylaşdırılması.
  2. Məlumatların təsdiqi: Qeydiyyatdan keçən iştirakçıların məlumatları yoxlanılması və təsdiq edilməsi.
  3. İştirakçı siyahısının formalaşdırılması: Qeydiyyatı tamamlayan professor-müəllim və könüllü tələbələrin siyahısının təsdiqi.