“Axı dünya fırlanır” adlı ədəbi-bədii kompozisiya keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatr sənəti fakültəsi Səhnə danışığı kafedrası müəllimləri yaradıcılıq ifa işlərini təqdim ediblər. “Axı dünya fırlanır” adlı ədəbi-bədii kompozisiya mərhum Xalq şairi, ictimai xadim Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunub.
Tədbirin əvvəlində Səhnə danışığı kafedrasının müdiri, professor, Xalq artisti Məmmədsəfa Qasımov çıxış edərək bildirib ki, ədəbi-bədii kompozisiyada ölməz şairin bir neçə şeirinə müraciət edilib. M.Qasımov bu tədbirdə Səhnə danışığı kafedrasının professor, Əməkdar müəllim Nadir Hüseynovun da iştirak etməli olduğunu, amma təəssüf ki, bir neçə gün öncə qəfil vəfatının hər kəsi sarsıtdığını deyib.
Sonra Nadir Hüseynovun xatirəsi bir dəqiqəlik sükutla anılıb.
“Axı dünya fırlanır” adlı ədəbi-bədii kompozisiyada Səhnə danışığı kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Mehdiyeva, Əməkdar artist, professor Azad Şükürov, Əməkdar artist, dosent Ağalar Bayramov, baş müəllim Əlizaman Mirzəyev, müəllimlər Pərvanə Namazova, Fatimə Qasımova, Xalq artisti Sabir Məmmədov yaradıcılıq ifa işlərini təqdim ediblər.
Həmçinin, kompozisiyada Musiqili teatr aktyoru kafedrasının baş müəllimi, Əməkdar artist Şövqi Hüseynov, müəllimlər Vüqar Hacıyev, İntiqam Kərimov və konsertmeyster Natiq Rzazadə də iştirak ediblər.
Kompozisiyanın ssenari müəllifi şair, dramaturq İlqar Fəhmi, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.