ADMİU-nun müəllimi Sosial Xidmətlər Agentliyi tərəfindən keçirilən tədbirdə iştirak edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə VII Ümumrespublika yarışının final mərhələsi keçirilib.
Azərbaycan İdman Akademiyasında təşkil olunan yarışlarda respublika üzrə əlilliyi olan 246 nəfər şəxs iştirak edib. Onlardan 80 iştirakçı final mərhələsinə yüksəlib.
5 idman növü (şahmat, dama, nərd, stolüstü tennis və qol güləşi) üzrə keçirilən və iştirakçıların bir hissəsi əlilliyi olan uşaqların olduğu yarışlarda iştirak üçün yaş məhdudiyyəti qoyulmayıb.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov bu kimi yarışların əlilliyi olan şəxslərin idmana, stolüstü oyunlara marağının gücləndirilməsi, onların idman potensialının üzə çıxarılması, eləcə də cəmiyyətə daha fəal inteqrasiyasının təşviqi məqsədi daşıdığını vurğulayıb.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Sosial-mədəni fəaliyyət kafedrasının müəllimi Ülkər Rzayeva da iştirak edib.