Xalq şairinin xatirəsinə həsr olunmuş “Bəxtiyaram mən” konserti keçirilib

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsi Muğam sənəti kafedrasının təşkilatçılığı ilə Xalq şairi, ictimai xadim, akademik Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr edilmiş “Bəxtiyaram mən” adlı konsert proqramı keçirilib.
Konsertdə ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, digər universitetlərin rektorları, ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak ediblər.
Konsert proqramında Muğam sənəti kafedrasının tələbələri Rəqsanə Ağayeva, Mədinə Səlimova, Fərid Əzizli, Şəhla Tarverdiyeva, Zümrüd Kərimova, Sadiq Qasımov, Aynur Ağamalıyeva, Səfiyyə Yaqublu, Fidan Süleymanzadə, Cahangir Əliyev, Səbinə Abbasova, Əvəzxan Əzizov, Gülyaz Həsənzadə, Sərxan Mirzəyev və Məhərrəm Xəlilli, eləcə də ADMİU-nun “Xəzər” tələbə Xor kollektivi (bədii rəhbər Əməkdar müəllim Təranə Yusifova) dahi şairin sözlərinə yazılmış bir-birindən duyğulu mahnılar səsləndiriblər. ADMİU-nun tələbəsi, qiraətçi Xəzər Süleymanlının çıxışı gecəyə fərqli rəng qatıb.
İfaçıları ADMİU-nun tələbələrindən ibarət Xalq çalğı alətləri ansamblı müşayiət edib. Bədii rəhbər Əməkdar artist Əliağa Sədiyevdir.
Sonda çıxış edən konsertin bədii rəhbəri, ADMİU-nun Muğam sənəti kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov yaradılan şəraitə görə rektor Ceyran Mahmudovaya, eləcə də tədbirin keçirilməsində zəhməti olan hər kəsə öz təşəkkürünü bildirib.