2026-2030-cu illər üzrə Strateji İnkişaf Proqramının hazırlanması ilə bağlı Təlim və tədris istiqaməti üzrə növbəti iclas keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2026-2030-cu illər üzrə Strateji İnkişaf Proqramının (SİP) hazırlanması çərçivəsində Təlim və tədris istiqaməti üzrə altqrupun növbəti iclası keçirilib. 16 dekabr 2025-ci il tarixində baş tutan iclasda universitetin strateji inkişaf hədəflərinin müəyyənləşdirilməsi və tədris prosesinin müasirləşdirilməsi məsələləri müzakirə olunub. İclasda ADMİU-nun Tədris işləri üzrə prorektoru, dosent Nigar Rüstəmova, Tədris şöbəsinin müdiri Namiq Qafarov, Tədris şöbəsinin Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin rəhbəri Gülnarə Məmmədova, Kitabxana-informasiya mərkəzinin müdiri Tamilla Əsgərova və mərkəzin biblioqrafı Natiq Mürsəlov iştirak ediblər.

İclasın gündəliyində ADMİU-nun Strateji İnkişaf Proqramı üçün yenilənəcək missiya və vizyonla bağlı altqrup üzvlərinin təklifləri, eləcə də Təlim və tədris istiqaməti üzrə prioritet məqsədlər və fəaliyyət istiqamətləri müzakirə olunub. Gülnarə Məmmədova çıxışında təqdim olunan təkliflərin universitetin yaradıcı, innovativ və beynəlxalq rəqabətqabiliyyətli ali təhsil müəssisəsi kimi mövqeyinin möhkəmləndirilməsinə yönəldiyini bildirib, tədrisin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal transformasiya və yaradıcı sənayelərlə inteqrasiyanın əsas prioritetlər kimi müəyyən edildiyini vurğulayıb.

Dosent Nigar Rüstəmova iclasda Təlim və tədris istiqaməti üzrə 2026-2030-cu illəri əhatə edən əsas strateji məqsəd və fəaliyyət istiqamətləri ilə bağlı təklifləri təqdim edib. Bu Təkliflər sırasında tədris proseslərinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması, kompetensiyaəsaslı qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi, süni intellekt texnologiyalarının tədrisə inteqrasiyası, vahid LMS (Öyrənmə İdarəetmə Sistemi) platformasının yaradılması, onlayn və hibrid tədris modellərinin tətbiqi, professor-müəllim heyətinin dil və rəqəmsal bacarıqlarının artırılması, habelə, kitabxana-informasiya təminatının gücləndirilməsi xüsusi yer tutub.

İclasda çıxış edən Namiq Qafarov tədris planları və fənn proqramlarının milli və beynəlxalq təcrübə əsasında mütəmadi yenilənməsi və əmək bazarının tələblərinin tədris məzmununda daha çevik əks olunmasının vacibliyini qeyd edib. Gülnarə Məmmədova ömürboyu təhsil, karyera inkişafı və məzunlarla əlaqələrin gücləndirilməsinin Strateji İnkişaf Proqramında ayrıca fəaliyyət istiqaməti kimi nəzərdə tutulmasını təklif edib. Natiq Mürsəlov isə tədris prosesinin sənəd-informasiya təminatının gücləndirilməsi, elektron kitabxana resurslarının genişləndirilməsi və informasiya savadlılığının artırılmasının tədrisin keyfiyyətinə müsbət təsir göstərəcəyini vurğulayıb. Sonda qərara alınıb ki, altqrup üzvləri missiya və vizyonla bağlı irəli sürülmüş təklifləri sistemləşdirirək ümumiləşdirsinlər. Həmçinin, müzakirə olunan fəaliyyətlərin mərhələli şəkildə icrası üçün müvafiq struktur bölmələr tərəfindən fəaliyyət planlarının hazırlanmasını təmin etsinlər.