20 Yanvar faciəsinin 36-cı ilinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin (TEYC) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ilinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Anım tədbiri Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADMİU-nun Tədris işləri üzrə prorektoru dosent Nigar Rüstəmova tədbiri giriş sözü ilə açaraq 1990-cı il 20 Yanvar hadisələri haqqında geniş məlumat verib, bu faciənin əslində xalqımızın milli qürur səhifəsi olduğunu vurğulayıb.

Universitetin Elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva 36 il öncə özünün də şahidi və iştirakçısı olduğu o günləri xatırlayıb, xalqımızın öz azadlığı, müstəqilliyi uğrunda zaman-zaman bu cür ağır sınaqlarla üz-üzə qaldığını bildirib. ADMİU-nun da 20 Yanvar faciəsində şəhid verdiyini xatırladan S. Əliyeva məzun şəhid Azər Ələkbərovun hər zaman xatirələrdə yaşadığını və universitet rəhbərliyi, kollektivi tərəfindən ehtiramla yad edildiyini deyib.

Sosial-mədəni fəaliyyət kafedrasının müəllimi, ADMİU TEYC-in sədri Lalə Məcidova çıxışında həm faciəmiz, həm də qürur mənbəyimiz olan 20 Yanvar tarixinin gənclərimiz tərəfindən heç zaman unudulmayacağını bildirib.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Bədii hissədə ADMİU-nun tələbələri Valeh Kərimov, Məmməd Hacıyev, Aysel Muradova, Zəhra Abülkadirova və Sübhan Azadi çıxış ediblər.