Kitabxanamızda yeni nəşr – “Unudulmayan izlər”
ADMİU-nun Ədəbiyyat və dillər kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Həsənovanın “Unudulmayan izlər” adlı kitabı nəşr olunmuşdur. Toplu müəllifin Azərbaycan ədəbi-mədəni irsi, xalq ədəbiyyatı, dilçilik və pedaqoji fikir tarixinin müxtəlif problemlərinə həsr olunmuş ədəbi-tənqidi və elmi-publisistik məqalələrini əhatə edir.
Kitabda “Kitabi-Dədə Qorqud” eposu, atalar sözləri və məsəllər, klassik və müasir Azərbaycan ədəbiyyatı nümunələri elmi-nəzəri aspektdən təhlil olunur, həmçinin, Qarabağ və Qərbi Azərbaycan ədəbi mühiti kontekstində Ana dilinin milli kimliyin formalaşmasındakı rolu araşdırılır. Müəllif Azərbaycan dilini azərbaycançılıq ideyasının əsas ideoloji dayaqlarından biri kimi təqdim edərək, dilin qorunması və inkişaf etdirilməsinin mədəni və mənəvi əhəmiyyətini ön plana çəkir.
Monoqrafiyada Ana dilinə sevgi, hörmət və məsuliyyət anlayışları milli düşüncənin və azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsi kimi elmi əsaslarla şərh olunur. “Unudulmayan izlər” kitabı görkəmli pedaqoq-alim, professor Məhəmməd Həsənovun anadan olmasının 95 illik yubileyinə ithaf edilmişdir.

