ADMİU-da “VİNETA – Sulara qərq olmuş şəhər” diplom tamaşası nümayiş olunub
Yanvarın 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları “Aktyor sənəti” ixtisasının IV təhsil ili tələbələrinin diplom işi olan Yura Zoyferin “VİNETA – Sulara qərq olmuş şəhər” tamaşası nümayiş etdirilib.
Tamaşanı ADMİU-nun rektoru Ceyran Mahmudova, SABAH İcra Komitəsinin rəhbəri Elza Səmədova, eləcə də tanınmış rejissorlar izləyiblər.
Universitetdə ilk dəfə səhnələşdirilən, dünyada isə çox nadir hallarda müraciət edilən bu əsər insanlıq, kollektiv yaddaş və fəlakətə bilərəkdən kor qalma mövzularını əhatə edən kəskin sosial-fəlsəfi məzmunu ilə seçilir.
Fantastik nekroloq janrında hazırlanan tamaşanın quruluşçu rejissoru və kursun rəhbəri Mikayıl Mikayılov, plastik səhnə həlli isə Elnur İsmayılova aiddir.

