ADMİU ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu arasında onlayn görüş keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə uzunmüddətli əməkdaşlıq münasibətləri mövcud olan Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun nümayəndələri arasında onlayn görüş baş tutub. Görüşün əsas məqsədi iki ali təhsil müəssisəsi arasında mövcud əməkdaşlığın genişləndirilməsi, yeni birgə layihələrin müzakirəsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub.
Onlayn görüşdə ADMİU-nu Tədris işləri üzrə prorektor Nigar Rüstəmova, Beynəlxalq əlaqələr üzrə prorektor Sevil Kərimova, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Məsturə Quliyeva, Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin rəhbəri Gülnarə Məmmədova, Teatr sənəti fakültəsinin dekanı Kəmalə Mehdiyeva, SABAH Mərkəzinin rəhbəri Nofəl Vəliyev təmsil ediblər.
Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutundan isə görüşdə Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin Təhsil Mərkəzinin nümayəndəsi Nasiba Sobirova, İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin nümayəndəsi Zilola Turaeva, Musiqili teatr kafedrasının müdiri Rəşid Usnatov, Musiqili teatr kafedrasının dosenti, müəllim Şerzod Muxammadiev, “Dramatik teatr və kino sənəti” kafedrasının müdiri Zamira Axmedova iştirak ediblər:
Görüş zamanı tərəflər arasında ixtisasartırma və peşəkar inkişaf proqramlarının təşkili, müəllim və tələbə mübadiləsi imkanları, eləcə də birgə teatr tamaşaları və konsert proqramlarının hazırlanması kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Həmçinin, gələcəkdə birgə yaradıcı layihələrin həyata keçirilməsi, təcrübə və elmi-metodiki biliklərin paylaşılması imkanları müzakirə olunub.
Tərəflər bu cür görüşlərin iki ölkənin mədəniyyət və incəsənət sahəsində ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini vurğulayaraq, əməkdaşlığın sistemli və davamlı şəkildə inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.