ADMİU-da insan alveri ilə mübarizəyə həsr olunmuş təlim keçirilib

12 dekabr 2025-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin sosial işçisi Sabrina Qurbanova və Agentliyin Stasionar sosial xidmətlərin təşkili departamentinin əməkdaşı Fərid İsmayılov tərəfindən sosial iş ixtisası üzrə təhsil alan tələbələr üçün təlim keçirilib.
Təlimin əsas məqsədi gələcək sosial iş mütəxəssislərinin insan alverinə qarşı mübarizə sahəsində nəzəri biliklərinin və praktik bacarıqlarının gücləndirilməsi, insan alveri qurbanlarının vaxtında müəyyənləşdirilməsi, habelə onlara göstərilən sosial, psixoloji və hüquqi dəstək mexanizmləri barədə sistemli məlumatların təqdim olunmasından ibarət olub. Təlim çərçivəsində insan alveri anlayışı və onun əsas formaları, risk qruplarına daxil olan əhali kateqoriyaları, reabilitasiya və reinteqrasiya proseslərinin mərhələləri, eləcə də İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyət istiqamətləri elmi-praktik aspektdən ətraflı şəkildə izah edilib. Bununla yanaşı, insan alverinə qarşı mübarizədə dövlət qurumları ilə qeyri-hökumət təşkilatları arasında institusional əməkdaşlığın rolu xüsusi olaraq vurğulanıb, real praktik nümunələr əsasında analitik müzakirələr aparılıb. İnteraktiv metodlar əsasında təşkil olunmuş təlimdə tələbələrin mövzu ilə bağlı sualları cavablandırılaraq qarşılıqlı fikir mübadiləsi üçün şərait yaradılıb.