ADMİU-da Gənclər Günü tamaşa ilə qeyd olunub
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) SABAH qrupları “Aktyor sənəti” ixtisası üzrə IV kurs tələbələrinin diplom işi olan Uilyam Şekspirin “Hamlet” faciəsinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov və teatrın bir qrup əməkdaşı tamaşanı izləyib.
Səhnə əsərinin nümayişinin sonunda İlham Əsgərov tələbə-aktyorlara Gənclər Günü münasibətilə rəhbərlik etdiyi teatrın diplomunu təqdim edib.
Tamaşanın tələbə-aktyor heyəti – Heyran Abdullayeva, Rahib Allahquliyev, Xədicə Bayramova, Ərgün Camalzadə, Murad Fərzəliyev, Məhəmməd Gülmalıyev, Atilla İbrahimli, Nigar Məmmədli və Pünhan Quliyev təltif olunublar.
Universitetin rektoru Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova tələbələrə göstərilən diqqətə görə İlham Əsgərova öz adından və universitetin kollektivi adından təşəkkürünü bildirib.
Bildirilib ki, Milli Teatrla Mədəniyyət və İncəsənət Universiteti arasında olan sıx və səmərəli əməkdaşlıq gələcəkdə daha da genişlənəcək.
Qeyd edək ki, kurs rəhbəri və tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, SABAH Mərkəzinin rəhbəri Əməkdar artist Nofəl Vəliyevdir.

