Ssenari yaradıcılığına həsr olunmuş yeni nəşr

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-informasiya mərkəzinə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) tərəfindən rus yazıçısı və dramaturqu Aleksandr Çervinskinin “Yaxşı ssenarini yaxşı qiymətə necə satmaq olar?” adlı kitabından 30 nüsxə hədiyyə edilmişdir. Sözügedən nəşr ssenari sənətinin nəzəri və praktiki əsaslarını əhatə etməklə, bu sahədə təhsil alan tələbələr, gənc ssenaristlər və yaradıcı mütəxəssislər üçün mühüm elmi-metodik mənbə kimi dəyərləndirilir.

Müəllif kitabda ssenarinin mahiyyəti, onun struktur quruluşu, yazılış prinsip­ləri, dramaturji gərginliyin yaradılması və tamaşaçı diqqətinin cəlb olunması kimi fundamental məsələləri sistemli şəkildə təhlil edir. Aleksandr Çervinski, xüsusilə, vurğulayır ki, müasir dövrdə kino istehsalında texnoloji yeniliklər və yeni dramaturji yanaşmalar geniş tətbiq olunsa da, peşəkar ssenari yaradıcılığının əsas estetik və məzmun prinsipləri dəyişməz olaraq qalır. Müəllif dünya kinema­toq­ra­fi­ya­sının klassik nümunələrinə istinad etməklə oxuculara yaradıcı təfəkkürün inkişaf etdiril­məsi və emosional baxımdan dolğun, bədii cəhətdən təsirli ssenarilərin yazıl­ması yollarını təcrübi nümunələr əsasında təqdim edir.

“Parlaq imzalar” nəşriyyatında işıq üzü görən kitab rus dilindən kinotənqidçi Aygün Aslanlı tərəfindən tərcümə edilmişdir. Nəşrin elmi redaktorları Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvü, sənətşünas və pedaqoq Nadir Bədəlov, həmçinin Toğrul Musayevdir. Layihənin rəhbəri AKİ-nin icraçı katibi Əli İsa Cabbarovdur.

Qeyd etmək lazımdır ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı gənc ssena­ristlərin və kino ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar inkişafını dəstəkləmək məqsədilə hər il kino sənətinə dair müxtəlif elmi, nəzəri və metodik nəşrlərin hazırlanmasını və çapını ardıcıl şəkildə həyata keçirir. Bu qiymətli nəşrin ADMİU Kitabxana-informasiya mərkəzinə təqdim edilməsində göstərdiyi təşəbbüsə və ümumilikdə gənc yaradıcı nəslin elmi-intellektual inkişafına verdiyi davamlı dəstəyə görə Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbərliyinə dərin təşəkkürü­müzü bildiririk.