Kitabxana-informasiya mərkəzi tərəfindən tədris nəşrləri sərgilənib
ADMİU-nun Kitabxana-informasiya mərkəzi mütəmadi olaraq universitet ictimaiyyətinin informasiya təminatının gücləndirilməsi, elmi-tədris resurslarına əlçatanlığın artırılması məqsədilə kitabxanaya daxil olan yeni ədəbiyyatın təbliği istiqamətində ardıcıl fəaliyyət həyata keçirir. Bu fəaliyyətlər çərçivəsində həm ənənəvi, həm də virtual formatda kitab sərgiləri təşkil olunur.
Cari ilin fəaliyyət planına uyğun olaraq, 12-27 yanvar tarixlərində son 5 il ərzində çap olunmuş tədris nəşrlərinin fakültələr üzrə tematik sərgiləri təşkil edilmişdir. Professor-müəllim heyətinin bu resurslarla birbaşa tanış olması üçün şərait yaradılmış və sərgiyə yüksək maraq nümayiş olunmuşdur.
Keçirilən sərgilər tədris prosesinin informasiya təminatının gücləndirilməsinə, müasir tədris ədəbiyyatının tanıdılmasına və kitabxana fondunun imkanlarının daha geniş auditoriyaya çatdırılmasına xidmət edir. Eyni zamanda, sərgilər zamanı istifadəçilərə kitabxananın elektron resursları və onlayn xidmətləri barədə də məlumat verilir.
ADMİU Kitabxana-informasiya mərkəzi tərəfindən gələcəkdə də yeni nəşrlərin təbliği, elmi-tədris mühitinin informasiya ehtiyaclarının qarşılanması istiqamətində bu kimi təbliğat xarakterli sərgilərin davam etdirilməsi planlaşdırılır.

