ADMİU-nun 2026-cı ilə olan ilk Elmi Şura iclası keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi Şurasının 2026-cı ildə ilk iclası keçirilib.
İclasın əvvəlində universitetin rektoru professor Ceyran Mahmudova Təsviri sənət kafedrasının baş müəllimi Cavid Əliyevin 65 illik yubileyi münasibəti ilə təbrik edib, ona uzun ömür, can sağlığı, pedaqoji və elmi fəaliyyətində uğurlar arzulayıb.
Sonra xanım rektor Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Əli Əmirlini Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində “Beynəlxalq TÜRKSOY Teatr Ödülləri” nominasiyası üzrə keçirilmiş mükafatlandırılma mərasimində “Ən yaxşı dramaturq” ödülünə layiq görülməsi münasibəti ilə təbrik edərək ona daha böyük yaradıcılıq uğurları arzulayıb.
İclasda C. Mahmudova həmçinin qeyd edib ki, Audiovizual sənətlər fakültəsinin Operator sənəti ixtisası tələbəsi Fərhad Sultanov Azərbaycan Fotoqrafiya Birliyi ilə Böyük Britaniyada fəaliyyət göstərən City & Guilds beynəlxalq sertifikatlaşdırma qurumu arasında qurulan əməkdaşlıq çərçivəsində keçirilən fotoqrafiya təlim kursunu uğurla başa vuraraq beynəlxalq sertifikata layiq görülüb. Bildirilib ki, o, Zaqafqaziya ölkələri arasında bu sertifikata layiq görülən ilk şəxsdir. Həm Fərhad Sultanovu, həm də onun kurs rəhbəri Əməkdar incəsənət xadimi, professor Rəfail Qəmbərovu bu uğur münasibəti ilə təbrik edən rektor universitetin hər zaman öz üzərində çalışan, biliyini təkmilləşdirən tələbələrlə qürur duyduğunu, bunun üçün onlara hər cür şərait yaratmağa və dəstəkləməyə hazır olduğunu vurğulayıb.
Daha sonra iclas gündəlikdəki məsələlər, hesabatlar və cari məsələlərlə öz işini davam etdirib.
Gündəlikdəki məsələlərdə öncə rektor C. Mahmudova 2026-2030-cu illər üçün Strateji İnkişaf Proqramının ilkin layihəsi barədə məlumat verib.
Daha sonra Elm və yaradıcılıq işləri üzrə prorektor, dosent Sədaqət Əliyeva Şəhərsalma və Memarlıq İlinə həsr olunmuş “Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda doktorant və gənc tədqiqatçıların XVIII Respublika Elmi konfransının, eləcə də “Teatr 2.0: Ruh və kod” Beynəlxalq Tələbə Elmi Konfransının keçirilməsi barədə məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıb.