ADMİU-nun tələbələri ilə qazax tələbələrin birgə konserti keçirilib
Kulyaş Bayseitova adına Qazaxıstan Milli İncəsənət Universitetinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unversitetində (ADMİU) təcrübə keçən magistr tələbələri ilə ADMİU-nun Estrada sənəti kafedrasının tələbələrinin birgə konserti baş tutub.
ADMİU rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin qatıldığı konsertdə Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi də iştirak edib.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayıb və onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluğunu dilə gətirib. Rektor qeyd edib ki, Kulyaş Bayseitova adına Qazaxıstan Milli İncəsənət Universiteti ilə ADMİU arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, universitetin 22 magistrantı 16.02.2026-01.03.2026-cı il tarixlərində ADMİU-da elmi-tədqiqat təcrübəsi keçmək məqsədilə Azərbaycana səfər ediblər. Onların hərəsi öz ixtisasları üzrə müvafiq kafedralara təhkim edilib. Rektor bildirib ki, bu konsert də iki həftə müddətində Estrada sənəti kafedrasında təcrübə keçən tələbələrin bir növ hesabat konsertidir.
Konsert proqramında tələbələr Azərbaycan dünya estradasının sevilən musiqilərini ifa ediblər.
Sonda Estrada sənəti kafedrasının müdürü, professor Məryəm Babayeva çıxış edərək qazax tələbələrin təcrübə müddətindən danışıb, yaradılan şəraitə görə ADMİU-nun rektoru Ceyran Mahmudovaya öz təşəkkürünü bildirib.

