ADMİU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub
Martın 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ADMİU Həmkarlar İttifaqının təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə universitet rəhbərliyi, ADMİU-nun xanım əməkdaşları, tələbələr iştirak ediblər.
ADMİU-nun Musiqili teatr aktyoru kafedrasının müdiri, Əməkdar artist, professor Azad Şükürov, Əməkdar artist, professor Ağalar Bayramov, Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar İncəsənət Xadimi, professor Əli Əmirli, “Səhnə danışığı” kafedrasının müdiri, Xalq artisti, professor Məmmədsəfa Qasımov, Kino-televiziya sənətləri kafedrasının müdiri, dosent Elnur Mehdiyev, ADMİU Həmkarlar İttifaqının sədri, Kulturologiya fakültəsinin dekanı Səyavuş Məhişov və başqaları çıxış edərək 8 mart gününün əhəmiyyətindən, qadının dünyadakı rolundan danışıb, başda ADMİU-nun rektoru professor Ceyran Mahmudova olmaqla universitetin xanım əməkdaşlarını və xanım tələbələri bayram münasibəti ilə təbrik ediblər.
Bayram tədbiri Musiqi sənəti fakültəsi tərəfindən hazırlanmış konsert proqramı ilə davam edib. Tələbələr Cahangir Əliyev, Elvin Şeydayev, Vasif Nuriyev, Cəfər Allahverdiyev, Əvəzxan Əzizovun ifasında bir-birindən gözəl mahnılar tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş edib. İfaçıları ADMİU-nun tələbələrdən ibarət Xalq çalğı alətləri ansamblı (bədii rəhbər Ruslan Zərbalıyev) müşayiət edib.
Konsert proqramında Audiovizual sənətlər fakültəsinin Kinoşünaslıq ixtisasının tələbəsi Gülay Mikayıllı və Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisasının tələbəsi Abbasəli Babayevin ifasında “Naz eləmə” rəqsi böyük maraqla qarşılanıb. Rəqsin quruluşu “İncə sənət” rəqs dərnəyinin rəhbəri, xoreoqraf Aydan Kamilovaya aiddir.

