“Teatr 2.0: Ruh və kod” adlı Beynəlxalq tələbə elmi konfransı keçirilib
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konfransı keçirilib. Konfrans ADMİU-nun əsas tədris binasında yerləşən Elmi Şura otağında hibrid formatda təşkil olunub.
10 Mart Milli Teatr Günü və 27 Mart Beynəlxalq Teatr Gününə həsr olunmuş konfransda universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Konfransa ümumilikdə dörd fərqli ölkədən 30-dan artıq müraciət daxil olub. Təşkilat komitəsi tərəfindən seçilmiş 19 məruzə proqrama daxil edilib.
Tədbiri giriş nitqi ilə açan ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru sənətşünaslıq üzrə elmlər doktoru, dosent Sədaqət Əliyeva rektor, professor Ceyran Mahmudovanın adından tədbir iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb. S.Əliyeva qeyd edib ki, mühüm strateji sənəd kimi ölkədə mədəniyyət və incəsənət sahəsinin inkişaf prioritetlərini müəyyənləşdirən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının həyata keçirilməsi baxımından mədəniyyət və incəsənət sahəsində beynəlxalq elmi konfransların keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu kimi beynəlxalq tələbə konfransları gənc tədqiqatçıların inkişafına, beynəlxalq akademik əlaqələrin genişlənməsinə və mədəniyyət sahəsində elmi müzakirələrin aparılmasına mühüm töhfə verir.
Natiq qeyd edib ki, “Teatr 2.0” anlayışı Web 2.0 düşüncə modelinin teatr sənətindəki analoqu kimi nəzərdə tutulur. Veb 2.0 internet mühitində istifadəçini passiv informasiya istehlakçısından aktiv məzmun yaradıcısına çevirdiyi kimi, Teatr 2.0 klassik teatr modelini yenidən quraraq, tamaşaçı, performer və texnologiya arasında interaktiv münasibət yaradır.
Giriş sözündən sonra Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilovun moderatorluğu ilə məruzələrin dinlənilməsinə başlanılıb. Konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə yanaşı, Qazaxıstan, Moldova, Ukrayna, Türkiyə və digər ölkələrin ali təhsil müəssisələrindən olan tələbələr müxtəlif mövzular üzrə məruzələrlə çıxış ediblər.
Məruzələrdə teatrın müasir inkişaf tendensiyaları, rəqəmsal texnologiyaların teatr sənətinə təsiri, teatr və yeni media münasibətləri, hibrid səhnə modelləri, interaktiv teatr, rəqəmsal dramaturgiya, teatr və yeni media, teatr və süni intellekt, çağdaş teatr estetikasının xüsusiyyətləri kimi aktual mövzular müzakirə olunub.
Tədbirin sonunda məruzələr ətrafında fikir mübadiləsi aparılıb və belə elmi konfransların fənlərarası inteqrasiyanı təşviq etmək, tələbələrin elmi-nəzəri təfəkkürünü və yaradıcı düşüncəsini inkişaf etdirmək, onların tədqiqat bacarıqlarını inkişaf etdirmək baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

