ADMİU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü haqqında məlumatlandırıcı tədbir keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsində 31 mart 1918-ci ildə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım hadisələrinin anım günü ilə əlaqədar “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” mövzusunda tələbələr üçün məlumatlandırıcı tədbir keçirilib.
Tədbirdə iştirak edən Kulturologiya fakültəsinin dekanı dosent Səyavuş Məhişov öz amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı və dəhşətli faciələrdən birini təşkil edən kütləvi qırğınlardan bəhs edərək 31 Mart soyqırımının tariximizin unudulmaz səhifələrindən biri olduğunu vurğulayıb.
Daha sonra geniş məruzə ilə çıxış edən Sosial-siyasi elmlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Əfşan Şəfiyeva soyqırımı haqda məlumat verərək bildirib ki, xalqımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımı cinayətləri təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib, dinc əhali kütləvi surətdə qətlə yetirilib, şəhər və kəndlər yandırılıb və milli mədəniyyət abidələri dağıdılaraq məhv edilib.

