WUF13-lə bağlı “Oyanış” kompozisiyası hazırlanır

ADMİU-da Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin məşhur “Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah cadükuni-məşhur” əsərinin motivləri əsasında hazırlanan “Oyanış” adlı kompozisiyanın yaradıcılıq və hazırlıq mərhələsinə start verilib.
Layihənin ən mühüm özəlliyi isə bu klassik əsərin Bakıda keçiriləcək BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) qlobal çağırışları ilə əlaqələndirilməsidir. Pyesdə fransız alimi Müsyö Jordanın Qarabağın bitki aləmini (nəbatatı) öyrənməsi və təbiətə olan sevgisi, bu gün WUF13-ün əsas gündəliyi olan “yaşıl və dayanıqlı şəhərlər”, biomüxtəlifliyin qorunması ideyaları ilə üst-üstə düşür. SABAH qrupunun 3-cü təhsil ili tələbələri və universitetin dosenti, Əməkdar artist Yaqut Paşayevanın rəhbərliyi ilə həmin tamaşanın hazırlıq prosesləri başlanıb. Kompozisiyada təbiətin harmoniyası və ona qarşı insan müdaxiləsi rəmzi və bədii dillə ifadə olunur.