ADMİU-da vətənpərvərlik mövzusunda növbəti görüş keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Məzunlar Assosiasiyası məzun–tələbə əlaqələrinin davamlılığını təmin etmək məqsədilə növbəti tədbirini təşkil edib.
“Vətən çağıranda: məzunların hekayəsi” adlı tədbir ADMİU Məzunlar Assosiasiyasının sədri Abbasğa Əlizadənin aparıcılığı ilə baş tutub. Tədbirdə Assosiasiyanın heyət üzvləri Günel İbrahimova və Əli Hacılı da iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun Tədris işləri üzrə prorektoru, dosent Nigar Rüstəmova universitetin məzunları ilə tələbələr arasında qurulan belə körpülərin əhəmiyyətini vurğulayıb, xüsusilə Vətən uğrunda mübarizə aparmış məzunlarla görüşlərin gənclərin dünyagörüşünün formalaşmasında, onların milli ruhda tərbiyəsində mühüm rol oynadığını qeyd edib. O, qazilərin həyat yolunun və göstərdikləri şücaətin tələbələr üçün canlı nümunə olduğunu bildirərək belə təşəbbüslərin davamlı olmasının vacibliyini diqqətə çatdırıb.
Tədbir çərçivəsində ADMİU-nun mətbuat katibi, yazıçı-publisist Şahanə Müşfiqin ADMİU-nun şəhidləri, qaziləri və müharibə iştirakçılarına həsr etdiyi “Sənətdən Cəbhəyə” adlı kitabdan söz açılıb, bu cür nəşrlərin əhəmiyyəti vurğulanıb. Müəllif Şahanə Müşfiq çıxışında kitab haqqında məlumat verərək bildirib ki, ensiklopedik topluda ADMİU-nun şəhidləri, qaziləri və müharibə iştirakçıları haqqında geniş məlumatlar, onların həyat və döyüş yollarını əks etdirən xatirələr yer alır. Bu nəşr həm tariximizin yaddaşı, həm də gələcək nəsillər üçün mühüm vətənpərvərlik mənbəyi kimi dəyərləndirilir.
Görüşdə universitetin qazi məzunları – Azər Həsənov, Cabbar Paşazadə, Cavid Arzumanov, Arif Hüseyn və Məhiyəddin Seyidov çıxış edərək döyüş yollarından, bəhs edib, tələbələrə vətənpərvərlik mövzusunda öz tövsiyələrini verib, arzularını dilə gətiriblər.
Qazilərin könüllü şəkildə müharibəyə qatılması onların yüksək vətənpərvərlik ruhunun, milli dəyərlərə bağlılığının və vətəndaş məsuliyyətinin parlaq nümunəsi kimi tədbir iştirakçıları tərəfindən böyük qürur hissi ilə qarşılanıb.
Qeyd edilib ki, belə görüşlər gənclərimizin vətənpərvərlik tərbiyəsində, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsində əvəzsiz rol oynayır.
ADMİU Məzunlar Assosiasiyası gələcəkdə də bu istiqamətdə tədbirlərin təşkilini davam etdirməyi planlaşdırır.