ADMİU-nun professoru Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar tədbirdə iştirak edib

Aprelin 14-də Qaradağ rayon Heydər Əliyev Mərkəzinin və Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 15 Aprel Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan mədəniyyətinin fundamental prinsipləri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Mərkəzin direktoru Çərkəz Əliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin Muzeyşünaslıq və turizm kafedrasının professoru, kulturologiya elmləri doktoru İlqar Hüseynov, Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Dilarə Məmmədova, Qərbi Azərbaycan İcmasının Qaradağ rayonu üzrə sədr müavini İbad Mehdiyev, Əməkdar müəllim, Respublikanın qabaqcıl təhsil işçisi Əhliyət Adıgözəlov, rayonun mədəniyyət və incəsənət mərkəzlərinin əməkdaşları iştirak ediblər.
Qonaqlar öncə Mərkəzin foyesində təşkil olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı foto və kitab sərgisinə və Ulu Öndərin həyat və siyasi fəaliyyətinin əks olunduğu ekspozisiya zalına baxış keçiriblər.
Çıxışçılar qeyd ediblər ki, Ulu Öndərin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan mədəniyyəti milli kimliyimizin möhkəm dayağına çevrilərək dünya mədəniyyətləri sırasında öz layiqli yerini tutub. Onun müəyyən etdiyi strateji inkişaf xətti bu gün də böyük əzmkarlıqla davam etdirilərək mədəni irsimizin qorunmasına və daha da zənginləşdirilməsinə xidmət edir.
Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.