ADMİU-da “Musiqi terapiyası” üzrə təlim proqramı keçirilib

6–10 aprel 2026-cı il tarixlərində ADMİU-nun professor-müəllim heyəti, eləcə də başqa müəssisələrdə müvafiq sahə üzrə fəaliyyət göstərən mütəxəssislər üçün “Musiqi terapiyası” mövzusunda təlim proqramı keçirilib.
Təlim proqramı Azərbaycan Dövlət Konservatoriyasının məzunu, Almaniyada musiqi terapiyası ixtisası üzrə təhsil almış, Folkvang İncəsənət Universitetinin professoru, eyni zamanda Almaniyanın Unna şəhərinin Königsborn ərazisində fəaliyyət göstərən uşaq tibb müəssisəsinin və əlilliyi olan şəxslər üçün yaşayış və reabilitasiya mərkəzinin mütəxəssisi Sara Kərimişad Həsənpur tərəfindən aparılıb.
Təlim çərçivəsində musiqi terapiyasının nəzəri-metodoloji əsasları, onun psixoloji və emosional təsir mexanizmləri, müxtəlif musiqi alətlərinin terapevtik məqsədlərlə tətbiqi, stress və psixoemosional gərginliyin azaldılması üsulları, həmçinin fərdi və qrup terapiyası praktikalarında istifadə olunan müasir yanaşmalar iştirakçılara sistemli şəkildə təqdim olunub. Proqram çərçivəsində keçirilən praktik məşğələlər və nümunəvi dərslər əldə olunan biliklərin tətbiqinə imkan yaradıb.
Bununla yanaşı, təlim müddətində musiqi terapiyasının Azərbaycan təhsil və səhiyyə sistemində tətbiqi və gələcək perspektivlərinə həsr olunmuş müzakirələr baş tutub, iştirakçılar tərəfindən sahənin inkişafı, kadr hazırlığı, elmi-tədqiqat istiqamətləri və beynəlxalq təcrübənin inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparılıb. Xüsusilə musiqi terapiyasının inklüziv təhsil mühitində və xüsusi qayğıya ehtiyacı olan şəxslərlə iş prosesində rolu diqqət mərkəzində olub.
Qeyd olunub ki, bu kimi təlimlər ali təhsil müəssisələrində müasir pedaqoji yanaşmaların tətbiqinə, eləcə də incəsənət və terapiya sahələrinin inteqrasiyasına xidmət edir.
Təlim proqramını uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.