EmalArtXana platformasında gənc rəssamların sərgisi keçirilib

18–19 aprel 2026 -cı il tarixlərində paytaxtda gənc rəssamların işlərindən ibarət EmalArtXana (EAX) platformasında sərgi təşkil edilib. Layihənin təsisçisi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) MBA proqramının Biznesin təşkili və idarə edilməsi (mədəniyyət sahələri üzrə) ixtisasının məzunu Toğrul Cəfərlidir. Sərgidə Günay Bağırova, Xəzər Barat və Çinarə Çi kimi gənc rəssamlar iştirak edərək öz əsərlərini təqdim ediblər.

EmalArtXana müasir yaradıcı mühitdə ünsiyyət, əməkdaşlıq və eksperiment üçün alternativ bir məkan kimi formalaşmış platforma olaraq, ənənəvi sərgi yanaşmasından kənara çıxaraq, yaradıcılığı yalnız yekun nəticə kimi deyil, davam edən bir proses kimi təqdim edib.

Bu təşəbbüs çərçivəsində təşkil olunan yaradıcılıq fəaliyyəti iştirakçılara müxtəlif texnikaları sınamaq, fərqli sahələrdən olan insanlarla əlaqə qurmaq və yeni ideyalar üzərində işləmək imkanı yaradıb. Bu da insanlar arasında kreativ fikir və yeni sənət istiqamətlərinin yaranmasına, yaradıcı əlaqələrin qurulmasına zəmin yaradır.

Bu layihə yeni istedadların, novator düşüncələrin tanınmasına şərait yaradır və onların potensialını nümayiş etdirən mühüm addım kimi qiymətləndirilir. Tədbir gənc rəssamların işlərini təqdim etməsi ilə yanaşı, yeni yaradıcı şəbəkənin qurulmasına da yol açır.

Qeyd edək ki, layihənin müəllifinin məhz ADMİU-nun Mədəniyyət sahələri üzrə biznesin təşkili və idarə edilməsi MBA proqramının məzunu olması bu təşəbbüsü yaradıcı sənayelərdə peşəkar idarəetmə yanaşmasının real tətbiqi kimi də ön plana çıxarır.

Hazırda inkişaf mərhələsində olan EmalArtXana gələcəkdə fəaliyyət coğrafiyasını genişləndirməyi, müxtəlif tərəfdaşlarla əməkdaşlıq qurmağı və daha geniş auditoriyanı əhatə etməyi planlaşdırır.