ADMİU-da “Əqli mülkiyyət hüququ nədir və onu necə qorumalı” mövzusunda təlim keçirilmişdir

22 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə qeyri-hökumət təşkilatları üçün keçirilən “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi qrant müsabiqəsi” çərçivəsində “Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi (İB) tərəfindən icra olunan “Əqli mülkiyyət hüququ sahiblərinin məlumatlandırılması” layihəsi üzrə elmi-praktiki təlim təşkil edilmişdir. Təlimin keçirilməsində əsas məqsəd əqli mülkiyyət hüquqları sahəsində nəzəri biliklərin və təcrübi bacarıqların inkişaf etdirilməsi, müəllif hüquqlarının qorunması mexanizmlərinin sistemli şəkildə izahı, habelə yaradıcı və elmi fəaliyyətlə məşğul olan şəxslərin hüquqi savadlılıq səviyyəsinin yüksəldilməsindən ibarət olmuşdur. Tədbir, həmçinin müasir dövrdə intellektual məhsulların iqtisadi dövriyyəyə inteqrasiyası və onların hüquqi müdafiəsi məsələlərinə dair aktual yanaşmaların təqdimini hədəfləmişdir.

Açılış hissəsində çıxış edən ADMİU-nun Tədris işləri üzrə prorektoru, dosent Nigar Rüstəmova və “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin rəhbəri Bəxşeyiş Əsgərov əqli mülkiyyət hüquqlarının müasir hüquq sistemində tutduğu yer, bu sahədə maarifləndirmə tədbirlərinin əhəmiyyəti və layihənin institusional çərçivəsi barədə geniş məlumat vermişdir. Mədəniyyət Nazirliyinin nümayəndəsi Heydər Mirzəyev çıxışında əqli mülkiyyət hüquqlarının qorunmasının mədəni və yaradıcı sənayelərin dayanıqlı inkişafında strateji əhəmiyyət daşıdığını vurğulamışdır. O qeyd etmişdir ki, dövlət tərəfindən bu sahədə həyata keçirilən təşəbbüslər yaradıcı şəxslərin hüquqlarının müdafiəsini gücləndirməklə yanaşı, innovativ məhsulların iqtisadi dövriyyəyə cəlb olunmasına da şərait yaradır. Eyni zamanda, bu kimi maarifləndirici tədbirlərin genişləndirilməsinin zəruriliyi qeyd edilərək, institusional əməkdaşlığın əhəmiyyəti xüsusi olaraq diqqətə çatdırılmışdır.

Təlim sessiyası ADMİU-nun baş hüquqşünası Aydın Kərimov, Vəkillər Kollegiyasının üzvü Əkbər Bağırov və “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin sədr müavini Tofiq Həsənov tərəfindən aparılmışdır. Sessiya çərçivəsində əqli mülkiyyət hüququnun nəzəri əsasları, onun struktur elementləri və hüquqi tənzimləmə mexanizmləri sistemli şəkildə təhlil edilmişdir. Xüsusilə, müəllif hüquqları və əlaqəli hüquqların mahiyyəti, əqli mülkiyyət obyektlərinin bazar münasibətləri şəraitində kommersiyalaşdırılması, yaradıcı məhsulların qeydiyyatı prosedurları və hüquqların müdafiə vasitələri geniş şəkildə izah olunmuşdur. Bununla yanaşı, plagiat anlayışı və onun hüquqi nəticələri, eləcə də ali təhsil müəssisələrində elmi tədqiqat fəaliyyəti ilə bağlı müəllif hüquqlarının qorunması məsələləri praktiki nümunələr əsasında iştirakçıların diqqətinə çatdırılmışdır. Daha sonra Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin şöbə müdiri Vüsal Quliyev çıxış edərək ölkədə əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində həyata keçirilən dövlət siyasəti, mövcud hüquqi mexanizmlər və beynəlxalq təcrübə ilə inteqrasiya məsələlərindən bəhs etmişdir.

Tədbirdə ADMİU-nun professor-müəllim heyəti fəal iştirak etmiş, müzakirələr zamanı əqli mülkiyyət hüquqlarının tədris prosesinə inteqrasiyası, elmi və yaradıcılıq fəaliyyətində müəllif hüquqlarının qorunması, həmçinin akademik mühitdə plagiat hallarının qarşısının alınması ilə bağlı aktual suallar təqdim olunmuşdur. Səsləndirilən suallar, əsasən praktiki tətbiq mexanizmləri, hüquqi boşluqlar və beynəlxalq təcrübənin yerli kontekstdə tətbiqi məsələlərini əhatə etmişdir. Bu interaktiv müzakirələr təlimin elmi-praktik dəyərini artırmış, iştirakçıların mövzu üzrə daha dərin və sistemli anlayış formalaşdırmasına şərait yaratmışdır. Yekunda mövzu üzrə ümumiləşdirmələr aparılmış, iştirakçıların rəy və təklifləri dinlənilmiş, əqli mülkiyyət hüquqlarının qorunması sahəsində gələcək fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi həyata keçirilmişdir.