“Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının ikinci günü maraqlı tamaşalarla yadda qalıb
Mayın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tərəfdaşlığı ilə keçirilən “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalı öz işini uğurla davam etdirir.
Mayın 5-i- festivalın 2-ci günü də tamaşa müzakirələri və müxtəlif universitetlərin tələbə komandalarının maraqlı səhnə ifaları ilə yadda qalıb.
Belə ki, həmin gün ADMİU-nun tələbə komandaları müxtəlif saatlarda V.Şekspirin “Hamlet”, V.Krasnoqorovun “Premyeradan sonra ziyafət”, J.Anuyun “Kral, kraliça və şahzadə”, İ.Əfəndiyevin “Sən həmişə mənimləsən” əsərləri ilə tamaşaçıların qarşısına çıxıblar.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Ə.Mehdizadənin “Zəfərə gedən yol”, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” əsərləri ilə festivala qoşulublar.
Qeyd edək ki, “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalı mayın 8-nə kimi davam edəcək.

