Heydər Əliyevin dövlətçilik fəlsəfəsi: tarixi dəyərlər əsasında gələcəyə baxış
Mayın 7-də Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik fəlsəfəsi: tarixi dəyərlər əsasında gələcəyə baxış” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Heydər Əliyevin siyasi irsi müstəqil Azərbaycanın inkişafının əsasını təşkil edir. Onun rəhbərliyi dövründə ölkənin sabitliyinin təmin olunduğu, dövlət müstəqilliyinin möhkəmləndiyi və Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyinin gücləndiyi vurğulanıb. Eyni zamanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin ölkəni yeni inkişaf mərhələsinə yüksəltdiyi qeyd olunub.
ADMİU-nun rektoru, Əməkdar incəsənət xadimi Ceyran Mahmudova çıxışında Heydər Əliyevin Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafındakı rolundan danışıb. Bildirilib ki, Ulu Öndər milli-mənəvi dəyərlərin qorunmasına, teatr, musiqi, ədəbiyyat və digər sənət sahələrinin inkişafına xüsusi diqqət yetirib. Rektor həmçinin bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsiplərinin bu gün də Azərbaycanın inkişaf modelinin əsasını təşkil etdiyini bildirib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə çıxışında Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin Azərbaycan xalqı üçün mühüm strateji yol xəritəsi olduğunu qeyd edib.
Tədbirdə Prezident İlham Əliyevin Sərəncamı ilə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunan Ədalət Fərəcovə orden təqdim olunub.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb, daha sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı təqdim edilib.

