ADMİU-nun dosenti Aslan Xəlilov Xalq rəssamı Maral Rəhmanzadəyə həsr olunmuş seminarda çıxış edib
13 may 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycanın ilk qadın Xalq rəssamı Maral Rəhmanzadənin yaradıcılığı” mövzusunda seminar keçirilib. Tədbir muzeyin Təsviri materiallar fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifova tərəfindən fond materialları əsasında təşkil olunub.
Seminarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov və Rəssamlıq fakültəsinin “Sənətşünaslıq” ixtisası üzrə IV təhsil ili tələbələri iştirak ediblər.
Tədbir zamanı Azərbaycanın görkəmli qrafika ustası, Xalq rəssamı Maral Rəhmanzadənin zəngin yaradıcılıq irsi, onun təsviri sənət tarixindəki yeri və bədii üslub xüsusiyyətləri haqqında ətraflı məlumat verilib. Sənətşünas Aslan Xəlilov çıxışında rəssamın yaradıcılığında milli motivlərin, sənaye və əmək mövzusunun, insan və təbiət münasibətlərinin özünəməxsus şəkildə əks olunduğunu qeyd edib, Maral Rəhmanzadənin Azərbaycan qrafika sənətinin inkişafındakı mühüm xidmətlərini diqqətə çatdırıb.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb, tədbirin sonunda xatirə fotosu çəkdirilib.

