“Startup School 4” layihəsinə həsr olunmuş təlim keçirilib

Mayın 13-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Sahibkarlıq və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Startup School 4” layihəsinə həsr olunmuş maarifləndirici təlim keçirilib.
Təlimin əsas məqsədi tələbə və müəllim heyətini innovasiya, startap ekosistemi və sahibkarlıq imkanları barədə məlumatlandırmaq, gənclərin innovativ təşəbbüslərə marağını artırmaq və onları beynəlxalq startap platformalarına inteqrasiya imkanları ilə tanış etmək olub.
Təlim İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov tərəfindən keçirilib. Tədbir zamanı iştirakçılara “Startup School” proqramının məqsədləri, beynəlxalq innovasiya ekosistemindəki rolu, startapların inkişaf mexanizmləri və qlobal əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib.
Bildirilib ki, bilik iqtisadiyyatının qurulması və innovasiya yönümlü təşəbbüslərin dəstəklənməsi məqsədilə həyata keçirilən “Startup School” proqramı son illərdə əhatə dairəsini genişləndirərək beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlıq platformasına çevrilib. İndiyədək proqram çərçivəsində 10-dan çox ölkədən vençur fondları, peşəkar mentorlar və startap nümayəndələri cəlb olunub, 300-dən çox startapın inkişafına töhfə verilib.
Cari ildə həyata keçirilən “Startup School 4” layihəsinin “5 qitə – 500 startap” (Five Continents – 500 Startups) şüarı ilə təşkil olunduğu və layihə üzrə onlayn qeydiyyatın başladığı diqqətə çatdırılıb. Təlim zamanı iştirakçılar layihənin təqdim etdiyi imkanlar, beynəlxalq mentorluq proqramları, investisiya perspektivləri və innovativ biznes ideyalarının inkişafı istiqamətində faydalı məlumatlar əldə ediblər.
Tədbirdə universitetin tələbə və müəllim heyəti fəal iştirak edib, innovasiya və sahibkarlıq sahəsində gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.