ADMİU-da gənclər arasında narkomaniyanın profilaktikasına həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə ünvanladığı 21 may 2026-cı il tarixli, NNVQD/2-42/2026 nömrəli məktubuna uyğun olaraq, 25 iyun 2026-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sosial-mədəni fəaliyyət kafedrasının təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizədə sosial işin rolu” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında narkomaniyanın yaratdığı sosial, psixoloji və hüquqi fəsadlar barədə məlumatlılığın artırılması, sağlam həyat tərzinin təbliği, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və istifadəsinə qarşı profilaktik tədbirlərin əhəmiyyətinin diqqətə çatdırılması olmuşdur. ADMİU-nun Kulturologiya fakültəsinin tələbələrinin iştirakı ilə keçirilən tədbirdə Sosial-mədəni fəaliyyət kafedrasının müdiri, dosent Tamilla Əhmədova çıxış edərək gənclərlə maarifləndirici görüşün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş prioritet istiqamətlərə uyğun olaraq həyata keçirildiyini qeyd etmişdir. Nəzərə çatdırılmışdır ki, Dövlət Proqramında əhalinin, xüsusilə gənclərin narkomaniyanın zərərli təsirləri barədə məlumatlandırılması, profilaktik tədbirlərin genişləndirilməsi, təhsil müəssisələrində maarifləndirmə işinin gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi əsas vəzifələrdən biri kimi müəyyən olunmuşdur. Bu baxımdan, keçirilən tədbir Dövlət Proqramının icrasına dəstək göstərilməsi, gənclərin antinarkotik dünyagörüşünün formalaşdırılması və sosial məsuliyyətin artırılması istiqamətində mühüm əhəmiyyət kəsb etmişdir.
Tədbirdə kafedranın professor-müəllim heyətindən dosent Aygün Eyvazlı və müəllim Ülkər Rzayeva çıxış edərək narkomaniyanın fərd, ailə və cəmiyyət üçün yaratdığı təhlükələrdən bəhs etmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında maarifləndirmə işinin, sosial iş institutunun və təhsil müəssisələrinin rolundan bəhs etmişlər. Natiqlər gənclərin zərərli vərdişlərdən qorunması istiqamətində sistemli profilaktik fəaliyyətlərin həyata keçirilməsinin vacibliyini vurğulamış, bu sahədə dövlət qurumları, təhsil müəssisələri və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırmışlar.
Tədbirin sonunda Kulturologiya fakültəsinin dekanı, dosent Səyavuş Məhişov yekun nitqi ilə çıxış edərək narkomaniyanın profilaktikası sahəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin cəmiyyətin sağlam inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. O, ali təhsil müəssisələrinin gənclər arasında sağlam həyat tərzinin təşviqi, sosial məsuliyyət hissinin formalaşdırılması və zərərli vərdişlərin qarşısının alınması istiqamətində mühüm vəzifələr daşıdığını vurğulamışdır.

