Engin Güneyin kitab və sərgi kataloqu kitabxanamıza hədiyyə edilib

Müasir Türkiyə rəngkarlığının nümayəndəsi, Ondokuz Mayıs Universitetinin (OMÜ) Gözəl Sənətlər fakültəsinin dosenti, Engin Güney tərəfindən kitabxanamıza müəllifi olduğu “Postdijital Sanat” kitabı və fərdi sərgi kataloqu hədiyyə edilib. Kitabda müasir mərhələdə təsviri sənətdə baş verən bədii-texnoloji proseslər araşdırılır, rəqəmsal sənət dövrünün xüsusiyyətləri, ehtimal edilən fəsadları incələnir. Engin Güney Türkiyənin orta nəsil rəssamlarını təmsil edir.Onun yaradıcılığında XX-XXI əsrin bədii təzadları əks olunur insan və texnologiya dilemmasının fəlsəfəsi araşdırılır.

Engin Güneyin yaradıcılığında rəqəmsallaşma, texnologiya, insanın dəyişən qavrayışı və müasir cəmiyyətin transformasiyası əsas mövzular sırasında yer alır. Rəssamın yaradıcılıq fəaliyyətində fərdi sərgilər xüsusi yer tutur. O, 8 fərdi sərginin müəllifi olmaqla yanaşı, 4 sənət mükafatına da layiq görülüb.

Engin Güney həmçinin sənətşünas alim kimi incəsənət sahəsində müxtəlif elmi məqalə və araşdırmaların müəllifidir.

Rəssamın yaradıcılığında Azərbaycan və Xocalı mövzusu da xüsusi yer tutur. Belə ki, o, 2018-ci ildə Gazi Universiteti və Türk Sanatı Topluluğu tərəfindən keçirilən “Duyulmayan Çığlık: Hocalı” beynəlxalq rəsm və heykəl müsabiqəsində “Gecenin Şahitliğinde” əsəri ilə rəsm kateqoriyasında I yerə layiq görülüb. Müsabiqədə nümayiş etdirilən əsərlər daha sonra Bakıda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) təşkil olunan sərgidə təqdim edilib.

“Gecenin Şahitliğinde” əsərində Azərbaycan bayrağının mavi, qırmızı və yaşıl rəngləri Xocalı faciəsi, şəhidlərin xatirəsi, sağ qalanların ağrısı, türk həmrəyliyi, azadlıq və demokratiya anlayışları ilə əlaqələndirilir. Əsərdə təsvir olunan üç göyərçin isə sülh, azadlıq və ümid kimi xüsusi simvolik məna daşıyır.