Qazaxıstan Milli İncəsənət Universitetinin magistrantları ADMİU-da elmi-tədqiqat təcrübəsi keçirlər
Kulyaş Bayseitova adına Qazaxıstan Milli İncəsənət Universitetinin 15 nəfər magistrantı elmi-tədqiqat təcrübəsi keçmək məqsədilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) səfər ediblər. Oktyabrın 19-da universitetdə magistrantlarla ilkin görüş keçirilib.
Görüşü açan Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevil Kərimova qonaqları salamlayaraq onlara təcrübə müddətində uğurlar arzulayıb. O, iki universitet arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, ali təhsil müəssisələri arasında qurulan əlaqələr yalnız akademik mübadilə ilə məhdudlaşmır, həm də xalqlarımız və mədəniyyətlərimiz arasında körpü rolunu oynayır. Bildirib ki, bu cür təşəbbüslər tələbələrin elmi və yaradıcı potensialının inkişafına, eləcə də beynəlxalq akademik əlaqələrin genişlənməsinə töhfə verir.
Tədris işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən professor Şirinbəy Əliyev çıxışında ADMİU ilə Kulyaş Bayseitova adına Qazaxıstan Milli İncəsənət Universiteti arasında 9 sentyabr 2023-cü il tarixində imzalanmış əməkdaşlıq müqaviləsinin əhəmiyyətinə toxunub. O vurğulayıb ki, memorandum sadəcə imzalanmış sənəd olaraq qalmır, real əməkdaşlıq təşəbbüsləri və tələbə mübadiləsi vasitəsilə öz praktik nəticələrini göstərir. Magistrantların ADMİU-da elmi-tədqiqat təcrübəsi keçməsi bu əməkdaşlığın səmərəli şəkildə həyata keçirilməsinin bariz nümunəsidir.
Elm və yaradıcılıq işləri üzrə prorektor, dosent Sədaqət Əliyeva da magistrantları salamlayaraq onların elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb. O, ADMİU-nun elmi nəşrləri haqqında məlumat verərək magistrantları öz elmi araşdırmalarının nəticələrini əks etdirən məqalələrini universitetin müvafiq elmi nəşrlərinə təqdim etməyə dəvət edib. Qeyd edib ki, bu imkan tələbələrin elmi fəaliyyətinin təşviqi və tədqiqat nəticələrinin daha geniş akademik auditoriyaya çatdırılması baxımından əhəmiyyətlidir.
Rektorun tədrisdə innovasiyalar üzrə müşaviri, professor Validə Məmmədova qonaqları salamlayaraq onların universitetdəki təcrübə müddətinin məzmunlu və yaddaqalan keçməsi üçün hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib. O, magistrantların Azərbaycanın zəngin mədəni irsi və incəsənət mühiti ilə yaxından tanış olmalarının əhəmiyyətini qeyd edərək, səfər çərçivəsində onların mədəni proqramının təşkilinə də kömək göstəriləcəyini vurğulayıb.
Görüş zamanı fakültə dekanları və müvafiq kafedraların müdirləri də çıxış edərək magistrantların elmi-tədqiqat fəaliyyətinin təşkili, təcrübə müddətində qarşıya qoyulan vəzifələr və akademik dəstək imkanları barədə məlumat veriblər.
Təcrübə proqramı çərçivəsində hər bir magistrant müvafiq kafedraya təhkim olunub. Onların elmi-tədqiqat fəaliyyəti həmin kafedraların akademik heyətinin rəhbərliyi və dəstəyi ilə həyata keçiriləcək.
Magistrantların ADMİU-da elmi-tədqiqat təcrübəsi 1 noyabr 2026-cı il tarixinədək davam edəcək.

