ADMİU-nun rektoru Qarabağ Universitetində İkinci Rektorlar Forumunda çıxış edib
Oktyabrın 16-da Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu keçirilib.
İki ölkədən ümumilikdə 30-a yaxın ali təhsil müəssisəsinin iştirak etdiyi forum ali təhsil tərəfdaşlığının inkişafına həsr olunub.
Forum ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqat və innovasiya istiqamətlərində birgə təşəbbüslərin təşviqi, eləcə də universitetlərarası əlaqələrin möhkəmləndirilməsi məqsədilə təşkil edilib.
Açılış mərasimində çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov forum iştirakçılarını salamlayıb, onları Qarabağ Universitetində görməkdən məmnunluğunu ifadə edib.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Azərbaycan və Özbəkistan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın inkişaf dinamikasından danışıb. Nazir universitetlər arasında akademik əlaqələrin genişləndirilməsinin, təcrübə mübadiləsinin gücləndirilməsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Daşkənd Dövlət İqtisad Universitetinin rektoru Konqratbəy Şaripov forumun yeni tərəfdaşlıqların qurulması və mövcud əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, belə platformaların birgə elmi tədqiqatların və təhsil layihələrinin inkişafı üçün mühüm imkanlar yaratdığını bildirib.
Forum çərçivəsində iki ölkənin aparıcı ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə panel müzakirələri keçirilib. Müzakirələrdə universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, elmi tədqiqatların nəticələrinin praktiki tətbiqi, innovasiya potensialının artırılması və Azərbaycan-Özbəkistan ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Panel müzakirələrində çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova bildirib ki, Azərbaycan və Özbəkistan arasında son illərdə möhkəmlənən münasibətlər yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır. İki ölkə arasında əməkdaşlığın əsas istiqamətləri arasında elm və təhsil, mədəniyyət sahələri də xüsusi yer tutmaqla, strateji əhəmiyyət kəsb edir.
ADMİU-nun Özbəkistanın bir sıra ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini deyən rektor qeyd edib ki, Universitetlərarası əlaqələrin genişlənməsi, akademik mübadilələrin artırılması və birgə layihələrin həyata keçirilməsi bu tərəfdaşlığın daha uzunmüddətli və dayanıqlı xarakter almasına şərait yaradır.
Forum çərçivəsində ADMİU ilə Özbəkistanın N.Gəncəvi adına Milli Pedaqoji Universiteti, Fərqanə Dövlət Universiteti və Səmərqənd Dövlət Pedaqoji Universiteti arasında qarşılıqlı anlaşma memorandumları imzalanıb.
Memorandumlar ali təhsil müəssisələri arasında akademik əlaqələrin genişləndirilməsini, elmi-tədqiqat fəaliyyətinin inkişafını və innovasiya sahəsində birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.
Öz işini oktyabrın 17-də də davam etdirən forumun proqramına iştirakçıların Xankəndi və Şuşa şəhərlərinə tanışlıq turları, həmçinin Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli məktəbə səfəri də daxil edilib.

