ADMİU-nun dosenti “AI for Educators” təlimində iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov 23–24 oktyabr 2026-cı il tarixlərində Xəzər Universitetinin Yeni Texnologiyalar və Süni İntellekt Araşdırma Mərkəzi tərəfindən təşkil olunan “AI for Educators” adlı təlimdə iştirak edib.
Universitet müəllimləri və akademik heyət üçün nəzərdə tutulan təlim süni intellektin tədris və akademik fəaliyyətə tətbiqinə həsr olunub. Təlimi Xəzər Universitetinin Yeni Texnologiyalar və Süni İntellekt Tədqiqat Mərkəzinin və AEGIX İnstitutunun Tədqiqat direktoru Dr. Gloria Shkurti Özdemir aparıb. Onunla birlikdə Böyük Britaniyanın Koventri Universitetinin baş elmi işçisi və ETAI Tədqiqat Mərkəzinin üzvü Dr. Dolapo Fakuade də təlimə rəhbərlik edib. Dr. Özdemir süni intellekt siyasəti, təhlükəsizlik, rəqəmsal suverenlik və texnoloji transformasiya üzrə çoxsaylı elmi əsərlərin müəllifidir. Dr. Fakuade isə süni intellekt, tədqiqat, təlim və siyasət sahələrində 15 ildən artıq beynəlxalq təcrübəyə malikdir.
Təlim çərçivəsində iştirakçılar süni intellekt vasitəsilə kurs və mühazirələrin dizaynı, tədris resurslarının hazırlanması, fərdiləşdirilmiş öyrənmə, qiymətləndirmənin yenidən dizaynı və akademik fəaliyyət üçün süni intellekt strategiyalarının hazırlanması üzrə praktiki çalışmalar aparıblar. İştirakçılar öz real kurs materialları üzərində işləyib, sonda isə süni intellektin tətbiqinə dair Fəaliyyət planı hazırlayıblar.
Təlimin mövzuları ADMİU-nun Keyfiyyət təminatı və strateji planlama departamentinin işi ilə birbaşa bağlıdır. Bu mövzular tədrisdə keyfiyyət təminatını, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsini, rəqəmsal transformasiyanın idarə olunmasını və ali təhsildə innovativ yanaşmaların tətbiqini əhatə edir. Əldə olunan bilik və təcrübənin universitetdə tədris prosesinin müasirləşdirilməsinə və süni intellektdən səmərəli, məsuliyyətli istifadəyə töhfə verəcəyi gözlənilir.
Təlimin hər iki gününü uğurla başa vuran Elçin Cəfərov sertifikatla təltif olunub.