ADMİU-nun dosenti Respublika elmi-praktiki konfransda iştirak edib

ADMİU-nun Səhnə danışığı kafedrasının dosenti, Əməkdar müəllim Mahirə Yaqubova 05 noyabr 2026-cı il tarixində Bakı Dövlət Universitetində Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan radiosu – 100: milli yaddaşdan rəqəmsal mediaya” adlı Respublika elmi-praktiki konfransda iştirak edib.

Azərbaycan radio yayımının bir əsrlik inkişaf yolunun elmi-nəzəri və praktiki aspektlərdən araşdırılmasına həsr olunan konfransda radio jurnalistikasının tarixi, milli-mənəvi dəyərlərin qorunmasında və təbliğində rolu, radiodramaturgiyanın inkişaf xüsusiyyətləri, müasir media mühitində radio sənətinin transformasiyası, rəqəmsal texnologiyaların radio yayımına təsiri və audiovizual kommunikasiya sahəsində yeni tendensiyalar müzakirə olunub.

Konfrans çərçivəsində Mahirə Yaqubovanın “Radioteatrın struktur və dil-nitq özəlliyi” mövzusunda məruzəsi dinlənilib. Məruzədə radioteatrın müstəqil sənət və bədii ifadə forması kimi struktur xüsusiyyətləri, onun dramaturji və kompozisiya quruluşu, səs və nitq vasitələrinin bədii-estetik imkanları, aktyor ifasının spesifikası, intonasiya, diksiya, pauza və tembrin obrazın yaradılmasında funksional əhəmiyyəti elmi-nəzəri baxımdan təhlil olunub.

Çıxışda radioteatrın vizual təsvir vasitələrindən istifadə etmədən, yalnız səs, nitq, musiqi və səs effektləri vasitəsilə dinləyicinin təxəyyülündə bədii məkan və obrazlar formalaşdırmaq imkanlarına xüsusi diqqət yetirilib. Eyni zamanda, səhnə danışığı mədəniyyətinin, nitqin ifadəliliyinin və aktyorun səs imkanlarından məqsədyönlü istifadəsinin radioteatr əsərlərinin bədii təsir gücünün artırılmasında rolu vurğulanıb.

Məruzədə ənənəvi radioteatr təcrübəsinin müasir rəqəmsal media mühitində yeni ifadə imkanları qazanması, audioformatların və podkast texnologiyalarının inkişafı kontekstində radioteatrın yaradıcılıq potensialının qorunması və genişləndirilməsi məsələlərinə də toxunulub.

Konfransda ADMİU-nu təmsil edən Mahirə Yaqubovanın elmi məruzəsi universitetdə səhnə danışığı, aktyor sənəti və radio sənətinin nəzəri-praktiki problemlərinin tədqiqinə verilən töhfələrdən biri kimi diqqətəlayiqdir. Bu cür elmi tədbirlər ali təhsil müəssisələri arasında akademik əməkdaşlığın genişləndirilməsi, sənətşünaslıq və media sahələrində elmi fikir mübadiləsinin gücləndirilməsi, eləcə də milli radio irsinin müasir elmi yanaşmalar əsasında öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.