İnklüziv təhsil çərçivəsində tələbələr autizm spektrində olan uşaqlarla yaradıcı fəaliyyətlər həyata keçiriblər
12 noyabr tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin tələbələri “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” fənni çərçivəsində “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzində praktiki fəaliyyət həyata keçiriblər.
Fəaliyyət zamanı tələbələr mərkəzin iş prinsipləri, autizm spektrində olan uşaqların inkişaf və təlim xüsusiyyətləri, onların fərdi ehtiyaclarına uyğun yanaşmalar barədə məlumat əldə ediblər. Mərkəzin mütəxəssisləri ilə ünsiyyət tələbələrə autizm spektrində olan uşaqlarla iş zamanı diqqət yetirilməli məqamları daha yaxından öyrənmək imkanı yaradıb.
Praktiki məşğələlər zamanı tələbələr uşaqlarla müxtəlif təsviri sənət fəaliyyətləri həyata keçirərək yaradıcılıq prosesində onların iştirakını və özünüifadəsini dəstəkləyiblər. Bu təcrübə gələcək rəssam-müəllimlərin uşaqların fərdi xüsusiyyətlərini nəzərə alaraq fəaliyyət planlaşdırmaq, uyğun tədris yanaşmaları seçmək və incəsənətin inklüziv mühitdəki imkanlarını praktik şəkildə mənimsəmələri baxımından əhəmiyyət daşıyıb.
ADMİU-da tədris olunan “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” fənni nəzəri hazırlıqla praktiki təcrübənin əlaqələndirilməsi əsasında təşkil olunur. Fənnin məqsədi gələcək incəsənət müəllimlərinin xüsusi təhsil ehtiyacları olan uşaqlarla işləmək üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, onların inklüziv təhsil mühitində peşəkar fəaliyyətə hazırlanmasına töhfə verməkdir.

