Ukrayna Milli Operasının rejissoru Larisa Levanova vokal və estrada ifaçılığında təhsil alan tələbələrlə ustad dərsi keçib

Ukrayna Milli Operasının rejissoru, Beynəlxalq festival və müsabiqələrin laureatı, Beynəxalq vokal və teatral müsabiqələrin daimi üzvü Larisa Levanova vokal və estrada ifaçılığında təhsil alan tələbələrlə ustad dərsi keçib. Dərsdə Universitetin professor-müəllim heyəti, tələbələrlə yanaşı bu yaxınlarda Universitetdə ustad dərsi verən Ukraynanın əməkdar artisti, Ukrayna Mədəniyyət və İncəsənət Universitetində Vokal kafedrasının dosenti, Ukrayna “Superzvezda” layihəsinin musiqi tərtibatçısı Rimma Şapovalova, 2011-ci ildə Azərbaycanı Avroviziya mahnı müsabiqəsində təmsil edən Eldar Qasımov, Uşaq Avroviziya yarışmasının Azərbaycan təmsilçisi Rüstəm Kərimov qonaq qismində iştirak ediblər. Ustad dərsini Larisa Levanova məşğələ şəklində keçib. Məşğələ əsasən bütün bədəndə əzələlərdə olan gərginliyin, həyəcanın aradan götürülməsi, diqqətin cəmləşməsi üçün nəzərdə tutulan oyunlar şəklində təşkil olunub.