placeholder-grey

Elm və Doktorantura Şöbəsinin Müdiri

Səbinə Valid qızı Namazova 5 dekabr 1989-cu ildə Astara rayonu Şiyəkaran kəndində anadan olub. 2007-ci ildə Bakı şəhəri, Nəsimi rayonu Ağabəy Novruzbəyli adına 46 saylı orta məktəbini müvəffəq qiymətlərlə bitirib. 2012-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” ixtisası üzrə təhsilin bakalavr səviyyəsini, 2015-ci ildə “Beynəlxalq münasibətlər” ixtisası üzrə magistr səviyyəsini bitirib.2022-ci ildə “Təsviri sənət” ixtisası üzrə fəlsəfə doktoru proqramına daxil olub. O, 2012-ci ildə ADMİU-da Kütləvi tədbirlər və bayramlar rejissorluğu kafedrasında laborant vəzifəsinə işə qəbul olunub, 2015-ci ildə Elmi tədqiqat və yaradıcılıq-ifa işləri şöbəsində mütəxəssis vəzifəsinə keçirilib. 2023-cü ilin sentyabr ayından etibarən Elm və doktorantura şöbəsinin müdiri vəzifəsində çalışır.

S.Namazova 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun təşkil etdiyi “III Qrant” müsabiqəsinin qalibi olub. Qrant layihəsi çərçivəsində onun Qubada “Dekorativ-tətbiqi sənət qış məktəbi” və 2015-ci ildə “Xalq sənətimiz gənclərin ifasında” adlı dekorativ-tətbiqi sənət sərgisi təşkil olunub. O, 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun təşkil etdiyi “YENİSİ art-texnologiyalar yay məktəbi”nin iştirakçılarından biri olub. Bundan əlavə, 2014-cü ildə “Boyunbağı” adlı hekayəsi ilə ALLMAG fərdi inkişaf jurnalının təşkil etdiyi “Cızma-Qara” layihəsinin iştirakçısı, o cümlədən 2016-cı ildə Qadın İnkişaf Mərkəzinin təşkil etdiyi “Qadın dedikdə…” müsabiqəsinin qalibi olub. S.Namazova 2021-ci ildə “Nizami Gəncəvi irsi dünya elmi-nəzəri fikrində” adlı Respublika elmi-nəzəri konfransı ilə yanaşı müxtəlif illərdə keçirilmiş konfrans və seminarlarda iştirak edib, həmçinin “Müəllif şeiri” müsabiqəsinin qalibi olub.