Sosial-Siyasi Elmlər Kafedrasının Müdiri

Tarix üzrə fəlsəfə doktoru, dosent

Əfşan Heydər qızı Şəfiyeva 24 avqust 1974-cü ildə ziyalı ailəsində anadan olmuşdur. Ə.H.Şəfiyeva 1991-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “tarixçi-şərqşünas” şöbəsinə daxil olmuş, 1996-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, tarixçi-şərqşünas, tarix müəllimi ixtisasına yiyələnmişdir. 1996-cı ildən AMEA ak. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda baş laborant kimi fəaliyyətə başlamış, sonra kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır.

Ə.H.Şəfiyeva 2013-cü il 30 noyabrda “Seyid Həsən Tağızadənin İranın modernləşməsində rolu”mövzusunda dissertasiya müdafiəsi etmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya  Komissiyası qərarı ilə tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Ə.Şəfiyevanın 2016-cı ildə ak. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarı ilə “Seyid Həsən Tağızadə və İranın modernləşməsi” adlı monoqrafiyası çap edilmişdir. Ə.Şəfiyevaya AAK-nın 27 sentyabr 2017-ci il tarixli qərarı ilə “Ümumi tarix” ixtisası üzrə dosent elmi adı verilmişdir.

24 yanvar 2018-ci ildə ak. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarı ilə Əfşan Heydər qızı Şəfiyevanın “İranın ictimai-siyasi həyatında azərbaycanlıların rolu adlı” elmlər doktorluğu mövzusu təsdiq edilmiş, hazırda mövzu üzərində çalışmaqdadır. Onun 50-dən artıq məqaləsi nüfuzlu respulika və beynəlxalq elmi jurnallarda çap edilmiş, eyni zamanda 30-dan artıq beynəlxalq və respublika elmi konfranslarında fəal iştirak etmişdir. Ə.Şəfiyeva ali məktəblər üçün nəzərdə tutulan (bakalavr, magistr pilləsi) 3 proqramın müəllifidir.

Ə.Şəfiyeva elmi fəaliyyəti ilə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, 2005-ci ildən Sumqayıt Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsində 0,5 ştatla müəllim kimi fəaliyyətə başlamış, hazırda həmin fakültədə dosent vəzifəsində çalışır.

2015-2020 illərdə AMEA-nın Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tarix Problemləri  üzrə Elmi Şurasının elmi katibi olmuşdur.

Ə.Şəfiyeva Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.30 saylı Dissertasiya şurasının 5502.01- “Ümumi tarix” ixtisası üzrə Elmi Seminarın elmi katibidir.

 Ə.Şəfiyeva “Metafizika Beynəlxalq Fəlsəfi və Fənlərarası Araşdırmalar” jurnalının məsul katibidir.

Ə.Şəfiyeva 14 fevral 2025-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsində “Sosial-siyasi” elmlər kafedrasının müdiri vəzifəsini tutmaq üçün keçirilən müsabiqədə iştirak etmiş və 03 mart 2025-ci il tarixindən müsabiqədən keçdiyinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsində “Sosial-siyasi” elmlər kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir.

Ə.H.Şəfiyeva ailəlidir, iki övladı var