Rusiyanın Aleksandrinski Teatrının nümayəndə heyəti ADMU-da qonaq olub

Fevralın 19-da Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) nümayəndə heyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar. Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) direktoru Sergey Yemelyanov, direktor müavinləri Danil Tolmaçev və Alisa Naumenkonun təmsil olunduğu nümayəndə heyətini qəbul edən ADMİU-nun rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində salamlamaqdan məmnun olduğunu bildirib.

Universitet haqqında məlumat verən rektor bildirib ki, ADMİU sağlam köklərə malik, ölkənin demək olar ki, incəsənətin bütün əsas sahələrində təhsil verən ilk və yeganə ali təhsil ocağıdır. 2023-cü ildə ADMİU-nun 100 yaşını qeyd etdiyini nəzərə çatdıran C.Mahmudova yubileylə bağlı keçirilən tədbirlərdən, “Maqbet” tamaşasından danışıb və bildirib ki, universitetin keçirdiyi bütün layihələr kimi yubiley tədbirlərində, tamaşasında da bütün fakültələr, tələbə və müəllimlər birlikdə çalışmış, ortaq iş ərsəyə gətirmişlər.

Xoş və səmimi qarşılanmaya görə rektor C.Mahmudovaya öz təşəkkürünü bildirən Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) direktoru Sergey Yemelyanov rəhbərlik etdiyi teatr haqqında danışıb və Azərbaycana səfərlərinin məqsədindən bəhs edib.

Qonaq direktor Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Rusiyanın Milli Dram Teatrının təşəbbüskarı olduğu “Aleksandrinski teatr məktəbi: MDB-nin iştirakçısı olan dövlətlərlə əməkdaşlığın inkişafı” təhsil proqramının təqdimatı mərasimi keçirildiyini bildirib və təhsil proqramının fevralın 19-dan 21-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcəyini nəzərə çatdırıb.

Rusiyalı qonaq vurğulayıb ki, təşkilatçılar üç gün ərzində keçiriləcək kursa sığmayan proqramı imkan daxilində və bütünlüklə həyata keçirməyə çalışacaqlar. Bu məşğələlərdə təkcə Rusiya deyil, dünya teatrlarının bütün fənləri və qabaqcıl təcrübələri təqdim olunacaq. Sankt-Peterburq Dövlət Universitetinin və Rusiya Dövlət İncəsənət İnstitutunun professorları və artistləri öz biliklərini, təcrübələrini və emosiyalarını proqram iştirakçıları ilə bölüşəcəklər. Qeyd edilib ki, layihə çərçivəsində Azərbaycanın 30-dan çox mədəniyyət və incəsənət xadimlərini birləşdirən “Müasir milli teatrda idarəetmənin əsasları” kursu da təşkil olunub. Müəllimlər teatr layihələrinin idarə edilməsi və teatrşünaslıq sahəsində aparıcı rusiyalı ekspertlər olacaq. Bununla paralel olaraq, Aleksandrinski Teatrı və Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun birgə proqramına daxil olan Azərbaycan Respublikasının incəsənət xadimləri üçün “Müasir kontekstdə aktyorluq” adlı intensiv maarifləndirici kurs da keçiriləcək.

Azərbaycanda belə bir layihənin keçirilməsindən məmnunluğunu ifadə edən rektor C.Mahmudova ADMİU-nun Teatr sənəti fakültəsinin fəaliyyətindən, qazandığı beynəlxalq uğurlardan danışıb. Fakültədə rus dilli tədrisin də oılduğunu vurğulayan xanım rektor Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı ilə sıx əlaqələrdən bəhs edib, məzunlarının əksəriyyətinin ölkənin digər teatrları kimi həmin teatrda da yaradıcılıq fəaliyyəti göstərdiklərini bildirib. Yaxın gələcəkdə Rusiya Milli Dram Teatrı ilə də bu cür yaradıcılıq əlaqələrinin yaranacağına ümid etdiyini deyən natiq qarşılıqlı əməkdaşlığa hər zaman hazır olduqlarını vurğulayıb.

Görüşün sonunda rusiyalı qonaqlar universitetlə tanış olub, Teatr sənəti fakültəsində aparılan dərs prosesində iştirak ediblər.