ADMIU-da Beynəlxalq caz gününə həsr olunmuş sərgi və konsert keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 30 aprel Beynəlxalq Caz gününə həsr olunmuş “Jazzın sədaları” adlı sərgi və konsert proqramı keçirilib.
Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Konsertdən öncə ADMİU-nun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova çıxış edərək hər kəsi salamlayıb və tədbirin məqsədindən danışıb. Qeyd edib ki, Azərbaycan musiqisində caz musiqisinin və bu musiqiçilərinin hər zaman önəmli rolu olub. O, sərginin müəllifi Əməkdar rəssam Vüqar Əlinin musiqini çox sevdiyini və onun yaradıcılığında hər zaman musiqi sevgisinin özünü göstərdiyini vurğulayıb. Bildirib ki, müəllifin ifaçı və bəstəkarlardan tutmuş, şlyagerlərin portretlərinə qədər, bədii dillə bizə çatdırdığı bütün yaradıcılıq nümunələrində musiqi mövzusu xüsusi yer tutur. Musiqiyə xas olan duyğuları sənətkar rəng və cizgilərin dili ilə mükəmməl ifadə edir.
Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, ADMİU-nun “Dizayn və Dekorativ-Tətbiqi Sənət” kafedrasının müdiri, Xalq rəssamı, professor Arif Əziz, “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, dosent Aslan Xəlilov çıxış edərək Caz günündən və Azərbaycan incəsənətində caz musiqisinin yerindən danışıblar.
Sərginin müəllifi “Dizayn və Dekorativ-Tətbiqi Sənət” kafedrasının Dosenti, Əməkdar rəssam Vüqar Əli çıxış edərək yaradıcılığı boyunca dəfələrlə musiqiyə yer verməsindən, xüsusən caz musiqisinə və caz musiqisinin böyük nümayəndələrinə həsr etdiyi əsərlərin yaranma tarixçəsindən danışıb. Bildirib ki, bu mövzuda ilk sərgisi deyil. Bu gün burada nümayiş olunan əsərlərin bir qismi əvvəllər müxtəlif sərgilərdə də tamaşaçılara təqdim olunub. Zamanla həmin əsərlərin sırasına yeni əsərlər də daxil olub ki, onlar da bu gün təqdim edilir. Daha sonra ADMİU-nun Estrada sǝnəti kafedrasının müdiri, professor Məryəm Babayevanın tələbələri- Sərvər Yılmaz, Elmira Atapour, Bəxtiyar Quliyev, Məlik Məmmədov ifasında yerli və dünya caz musiqisi nümunələrindən ibarət konsert proqramı təqdim olunub.
Sonda tamaşaçılar Rəssamlıq fakültəsinin “Dizayn və Dekorativ-Tətbiqi Sənət” kafedrasının dosenti, Əməkdar rəssam Vüqar Əlinin caz musiqisinə və caz musiqisinin korifeylərinə həsr olunmuş əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Sərgidə Azərbaycan klassik cazının banilərindən Pərviz Rüstəmbəyov, Vaqif və Əzizə Mustafazadələr, Şahin Növrəsli və sair kimi milli və xarici cazmenlərin portretləri, həmçinin, caz musiqisinə həsr olunmuş rəsm əsərləri təqdim olunub.