Heydər Əliyev və qərbi Azərbaycan mövzusunda tədbir keçirilib
Mayın 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Ədəbiyyat və dillər kafedrasının təşkilatçılığı ilə “Böyük ictimai xadim, siyasi lider Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tanınmış ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər.
Tədbirdən öncə Ulu Öndərin büstünün önünə əklil qoyulub, xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycan mövzusunda fikirlərini və çıxışlarından sitatları əks etdirən video çarx nümayiş olunub. Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova bildirib ki, universitet hər il ənənəvi olaraq Ümummilli lider Heydər Əliyevin doğum günü, anım günü ərəfələrində, eləcə də müxtəlif zamanlarda xatirəsinə həsr olunmuş tədbirlər, konfranslar, dəyirmi masalar keçirir. Ulu Öndərin mədəniyyətimizə, incəsənət xadimlərinə hər zaman diqqət və qayğıyla yanaşdığını deyən rektor rəhbəri olduğu universitetdə çalışan əməkdaşların, professor-müəllimlərin də bir çoxunun Onunla bağlı unudulmaz xatirələrinin olduğunu vurğulayıb. Rektor əlavə edib ki, hər kəs onun mədəniyyətə, incəsənətə qayğısının, diqqətinin və sevgisinin canlı şahidləridir. “O, Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə məhz onun sayəsində tanındı”-deyə rektor C.Mahmudova əlavə edib.
Tarix üzrə fəlsəfə doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri Cəbi Bəhramov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin bütün ömrü boyunca Azərbaycan xalqının taleyi ilə bağlı qayğılandığını, hər zaman bu xalqın, dövlətin inkişafı naminə düşünülmüş, cəsarətli addımlar atdığını bildirib. O, Heydər Əliyevin Qərbi Azərbayucan məsələsinə yad olmadığını, hakimiyyəti boyunca bu mövzunun xalqımızın xeyrinə həlli istiqamətində mühüm işlər gördüyünü vurğulayıb.
Heydər Əliyev Mərkəzinin “Heydər Əliyev irsinin tədqiqi və təbliği departamenti”nin nümayəndəsi Leyla İsmayılova “Heydər Əliyevin dövlət quruculuğunda mədəniyyət siyasəti”, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Fatimat Məmmədova “Heydər Əliyev və Qərbi Azərbaycan: İrəvan – tarixi mədəniyyət mərkəzi kimi”, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Sevinc Həsənova “Heydər Əliyev və Qərbi Azərbaycan: yer-yurd adlarımız xalqın silinməyən qan yaddaşı, milli varlığıdır” mövzusunda məruzələrlə çıxış ediblər.
Tədbirin bədii hissəsində ADMİU-nun Teatr sənəti və Musiqi sənəti fakültəsinin tələbələri- Firuzə İbrahimova, Əliağa Tapdıqov, Səma Ağazadə, Paşa Ağayev (bədii qiraət), Sərxan Mirzəyev (xanəndə), Səxavət Məmmədli (tar), Orxan Hüseynov (kamança), Xaqani Zeynalabdinov (saz) çıxış ediblər.