ADMIU-da Azərbaycan Xalq Cümhuriyyətinin 106 illiyi qeyd edilib

Mayın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 106-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova bildirib ki, 28 may tarixi ölkəmiz üçün fəxrlə, qürurla qeyd edilən bir tarixdir. Çünki müstəqil milli dövlətə sahib olmaq hər bir xalqın ən böyük uğuru və tarixi nailiyyətidir. C.Mahmudova Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasının Xalq Cümhuriyyətinin tanınması və öyrənilməsi baxımından da əhəmiyyətli olduğunu vurğulayıb: “Bizim bu dövrə qovuşmağımız ikinci dəfə müstəqillik əldə edəndən sonra oldu. Sovet dövründə bu gün və bu günlə bağlı tarix bizə başqa yöndən öyrədilirdi. Müstəqillik əldə etdikdən sonra isə biz bu günün mahiyyətini və bu günü bizə bəxş edənlərin dəyərini daha yaxşı anladıq”.

Rektor onu da əlavə edib ki, Azərbaycan ilk dəfədir bu günü ərazi bütövlüyünü tam təmin etmiş, suverenliyini bərpa etmiş ölkə kimi qeyd edir.

Daha sonra rektor çıxış üçün sözü Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Cabbarova verib. Müstəqillik gününün tarixi haqqında geniş məruzə ilə çıxış edən tarixçi alim bildirib ki, 28 may bizim üçün ən böyük bayramdır, çünki bir xalq üçün müstəqillik ən ali nemətdir. F.Cabbarov deyib ki, Azərbaycan 20-ci əsrdə iki dəfə müstəqillik əldə edib və hər ikisi böyük fədakarlıqlar bahasına başa gəlib.

Çıxışçı qeyd edib ki, Şərqin ilk demokratik respublikası olan AXC Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşüb. F.Cabbarov 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın zəngin dövlətçilik tarixində çox mühüm bir mərhələni təşkil etdiyini diqqətə çatdırıb.

F.Cabbarovun çıxışından sonra məruzə ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.